Tbilisidə 10 gündən çoxdur axtarılan hindistanlı tələbə ölü tapıldı
Tbilisidə günlərdir böyük narahatlıqla davam edən axtarış-xilasetmə əməliyyatı acı sonluqla bitib.
Xeber.ge xəbər verir ki, paytaxtda 10 gündən artıqdır itkin düşən hindistanlı tələbənin meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyi əcnəbi tələbənin cansız bədəninin tapılması faktını rəsmən təsdiqləyib.
Gənc tələbənin hansı şəraitdə və harada tapıldığı barədə istintaqın maraqları naminə hələlik ətraflı məlumat verilmir. Hüquq-mühafizə orqanlarından daxil olan bəyanata görə, baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (İntihara çatdırma) ilə rəsmi cinayət işi qaldırılıb və təhqiqat hərəkətlərinə başlanılıb.
Hazırda hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək, gənc tələbənin ölümündə hər hansı bir kənar şəxsin rolunun olub-olmadığını aydınlaşdırmaq məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Hindistanın Gürcüstandakı diplomatik nümayəndəliyinin də məsələdən məlumatlı olduğu bildirilir.