Rustavi avtomobil bazarında etiraz aksiyası keçirilir

Feb 21, 2026 - 16:35
 0  37
Rustavi avtomobil bazarında etiraz aksiyası keçirilir

Gürcüstanın Rustavi şəhərindəki regional avtomobil bazarında fəaliyyət göstərən avtodilerlər və idxalçılar hökumətin planlaşdırdığı qanunvericilik dəyişikliklərinə qarşı genişmiqyaslı etiraz aksiyasına başlayıblar.

Xeber.ge xeber  verir ki, aksiya iştirakçıları "Gürcü Arzusu" partiyasının ölkəyə 6 ildən köhnə olan avtomobillərin gətirilməsini qadağan edən qanun layihəsinə etiraz edirlər. Avtoidxalçılar artıq imzatoplama kampaniyasına və rəsmi petisiyanın hazırlanmasına start veriblər.

Etirazçılar bildirirlər ki, bu qərar ölkə iqtisadiyyatının ən mühüm sahələrindən birinə ağır zərbə vuracaq və minlərlə insanın gəlir mənbəyini itirməsinə səbəb olacaq.

"Biz mövcud problemləri bir-birimizlə bölüşmək və səsimizi hakimiyyətə çatdırmaq üçün toplaşmışıq. Bu sahə ölkə üçün həyati əhəmiyyət kəsb edir. Biz artıq müraciət məktubu hazırlamışıq. Hesab edirik ki, hakimiyyət nümayəndələri ilə avtodilerlər arasında müəyyən güzəştlər əsasında konsensus əldə oluna bilər", - deyə aksiya iştirakçısı olan dilerlərdən biri açıqlamasında bildirib.

Avtoidxalçılar hökuməti qərarı yenidən nəzərdən keçirməyə və ticarət dövriyyəsinə zərər vurmamaq üçün alternativ yollar tapmağa çağırırlar. Onların sözlərinə görə, kəskin qadağalar əvəzinə, ekoloji standartların mərhələli tətbiqi daha məqsədəuyğundur.

Hazırda Rustavi avtomobil bazarında vəziyyətin gərgin olduğu və aksiyanın davam etdiyi bildirilir.