Qavrilovun ölkəyə buraxılmasını istəmirdim

Qiorqi Qaxaria bildirib ki, 2019-cu ilin iyununda Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstana buraxılmasının əleyhinə idi.
“Gürcüstanda bu tədbirin keçirilməsi planlaşdırılanda, Daxili İşlər Nazirliyinə Rusiya vətəndaşlarının siyahısı daxil oldu. Onların ölkəyə daxil olacağı gözlənilirdi. Həmin vaxt DİN və Dövlət Təhlükəsizlik Xidməti bu şəxslərin – təxminən 10-12 nəfər – ölkəyə buraxılmasına qəti şəkildə etiraz etdilər. Onların
arasında Qavrilovdan daha qalmaqallı soyadlar vardı. Bu şəxslərin bəziləri qanun pozmuşdu. Bu cənab isə qanunu pozmamışdı, amma siyasi məqsədəuyğunluq baxımından biz onu buraxmaya bilərdik və dedik ki, bu adamı buraxmırıq. Bundan sonra qalmaqal baş verdi – parlamentdən zənglər gəldi, xahişlər edildi [...]
O zaman bu şəxsin ölkəyə buraxılmasına məsuliyyəti parlament rəhbərliyi, o cümlədən İrakli Kobaxidze öz üzərinə götürdü [...] Beynəlxalq tədbir olduğunu əsas gətirib bizə şantaj etdilər – guya ölkə beynəlxalq qalmaqala cəlb olunacaq və istəsək də, istəməsək də bu adam buraxılmalıdır. Baxmayaraq ki, biz qəti etiraz edirdik, dedilər ki, onun müavini var və konfransa rəhbərlik edəcək şəxs başqası olacaq.” – deyə Qaxaria Bidzina İvanişvilinin təşəbbüsü ilə yaradılmış “Gürcü Arzusu”nun parlamentdəki istintaq komissiyasının iclasında bildirib.
Xatırladaq ki, 2019-cu ilin iyununda Gürcüstan parlamentində Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun görünməsi və parlament sədri kürsüsündə əyləşməsi böyük etiraz dalğasına səbəb olmuşdu. Qavrilov Gürcüstana Pravoslav ölkələrin Parlamentlərarası Assambleyasının prezidenti kimi dəvət olunmuşdu. Assambleyada Gürcüstan tərəfini “Gürcü Arzusu”nun deputatı Zakaria Kuçnaşvili təmsil edirdi və məhz o, Qavrilovu və digər rus deputatları ölkəyə dəvət etmişdi. Onlar şəhərdə dövlət mühafizəsi ilə hərəkət edirdilər.
İyunun 19-da keçirilən iclasa “Gürcü Arzusu”nun bir neçə deputatı, o cümlədən o zaman parlamentin sədri və bu günkü baş nazir İrakli Kobaxidze, eləcə də Gürcüstan Patriarxlığının nümayəndələri qatılmışdılar.
Etiraza cavab olaraq minlərlə insan parlament binasının qarşısında toplaşmışdı. Polis və xüsusi təyinatlı qüvvələr xəbərdarlıq etmədən nümayişçiləri zorakı şəkildə dağıtmışdı. 240 nəfər xəstəxanaya aparılmışdı.
Aksiyanın dağıdılması zamanı iki vətəndaş – Mako Qomuri və Qiorqi Sulaşvili gözlərini itirmişdi, bir neçə jurnalist də xəsarət almışdı.
2024-cü il mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan hökumətinə, “Qavrilov gecəsinin” dağıdılması zamanı zərər çəkmiş şəxslərə ümumilikdə 153,600 avrodan çox təzminat ödəməyi əmr etdi.
mənbə: marneulifm