“Qanuni oğrular” və kriminal qruplarla əlaqəsi olan 5 nəfər saxlanıldı

Feb 14, 2025 - 11:49
 0  190
“Qanuni oğrular” və kriminal qruplarla əlaqəsi olan 5 nəfər saxlanıldı

Gürcüstanın Guriya polis departamenti və Ozurgeti rayon prokurorluğunun birgə əməliyyatı nəticəsində “qanuni oğrular”la əlaqədə olan 5 nəfər saxlanılıb. Əməliyyat Tbilisi, Ozurgeti və Ureki qəsəbəsində həyata keçirilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar 10 ilədək həbs cəzası nəzərdə tutur.

"Saxlanılanlar- 1991-ci il təvəllüdlü G.X. (“Xoşto”) və 1981-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş E.B. (“Edo”) – “qanuni oğru” təşkilatının üzvü olmaqda ittiham edilirlər;

2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.R. – “qanuni oğru” təşkilatına dəstək verməkdə ittiham edilir; 1977-ci il təvəllüdlü K.B. və 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.Ç. – “qanuni oğru” təşkilatının üzvlərinə müraciət etməkdə günahlandırılırlar;1984-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş M.X.-yə isə “qanuni oğru” təşkilatının üzvü olmaq ittihamı həbsxanada elan edilib.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları bir neçə ay ərzində məxfi istintaq tədbirləri və məhkəmə qərarı əsasında həyata keçirilən gizli əməliyyatlar nəticəsində müəyyən ediblər ki, saxlanılan şəxslər “qanuni oğru” təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Onlar kriminal dairələrlə əlaqədə olub, “qanuni oğru”ların tapşırıqlarını icra edərək kriminal nüfuz və qeyri-qanuni gəlir əldə etməyə çalışıblar. Əsas fəaliyyət istiqamətləri kriminal “razborkalar”, təhdid, qorxutma və qeyri-qanuni yollarla öz nüfuzlarını artırmaq olub.

Bu fəaliyyət Guriya regionunun Ozurgeti bələdiyyəsinə aid Ureki qəsəbəsi və Tsqaltsminda kəndində həyata keçirilib.

Polis əməliyyat zamanı saxlanılan şəxslərin evlərində və üzərlərində aparılan axtarışlar nəticəsində mobil telefonlar və narkotik maddələr aşkarlayıb.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin birinci hissəsi, 223-cü tercia maddəsinin ikinci hissəsi və 223-cü kvarta maddəsinin birinci hissəsi ilə davam edir."-məlumatda bildirilib.

mənbə: Interpress