Qadını təqib edən və sosial şəbəkədə böhtan yayan şəxs saxlanılıb

Jul 20, 2025 - 14:53
 0  27
Qadını təqib edən və sosial şəbəkədə böhtan yayan şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.X.-ni saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, qadını təqib etməkdə, şəxsi məlumatlarını qanunsuz istifadə və yaymaqda, habelə hədələməkdə ittiham olunur.

Nazirliyin məlumatına əsasən, sözügedən cinayətlər Gürcüstan qanunvericiliyinə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaqın gedişində müəyyən olunub ki, R.X. qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük motivi ilə onunla münasibətlərin kəsilməsindən narazı qalıb və zərərçəkmiş qadını mütəmadi olaraq təqib edib. O, həm birbaşa, həm də mobil telefon vasitəsilə qadınla istenilməyən əlaqələr qurub və ona qarşı həyatına qəsd edəcəyi ilə bağlı hədələr səsləndirib.

Araşdırma zamanı həmçinin məlum olub ki, R.X. qadını alçaltmaq və təhqir etmək məqsədilə onun şəxsi məlumatlarından istifadə edərək sosial şəbəkələrdə saxta səhifələr yaradıb. Həmin səhifələr vasitəsilə o, qadının guya cinsi xidmət göstərməsi ilə bağlı yalan məlumatlar yayıb.

Bundan əlavə, o, zərərçəkmişin ailə üzvünü də hədələyib.

Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 151-ci prima (hədələmə), 157-ci (şəxsi məlumatların qanunsuz istifadəsi) və 151-ci maddələri ilə davam etdirilir.

mənbə: interpress