Ponicala sakini kriminal polisi təzyiq və hədə-qorxuda ittiham edir
Tbilisinin Ponicala qəsəbəsinin sakini Roşvan Şaxverdov Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polisi tərəfindən ciddi təzyiqlərə məruz qaldığını iddia edir.
Xeber.ge xeber verir ki,
R. Şaxverdovun sözlərinə görə, hüquq-mühafizə orqanlarının nümayəndələri ondan qəsəbədə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsləri gizli kameraya çəkməyi və onlar barədə məlumat toplamağı tələb edirlər.
Vətəndaş iddia edir ki, əməkdaşlıqdan imtina etdiyi təqdirdə polislər onun avtomobilinə 20 qram narkotik maddə ataraq həbs edəcəkləri ilə hədələyirlər.
Şaxverdov qeyd edib ki, polislər onun yaşadığı binanın qarşısında müntəzəm olaraq dayanır, bu isə onun hamilə həyat yoldaşında qorxu yaradır və ailənin normal hərəkətini məhdudlaşdırır.
"Dəfələrlə imtina etməyimə baxmayaraq, zəng vurmaqda davam edirlər. Mənə açıqca deyirlər ki, kəndlilərini kameraya çəkməsən, maşınına 20 qram 'dərman' qoyub səni tutacağıq. Üç oğul böyüdürəm, belə bir şeyi necə edə bilərəm?
Əgər təzyiqlər davam edərsə, kameralar qarşısında özümü yandıracağam, başqa yolum qalmayıb", – deyə R. Şaxverdov bildirib.
O, həmçinin polis əməkdaşlarının hamilə həyat yoldaşına yaxınlaşaraq psixoloji təzyiq göstərdiklərini və ailəsinin təhlükəsizliyindən narahat olduğunu vurğulayıb.
Hələlik Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşın bu ağır ittihamları ilə bağlı rəsmi açıqlama verməyib.