Parkdakı yelləncək 14 yaşlı qızın üzərinə aşdı-VİDEO
Tbilisinin Lotkini qəsəbəsində yerləşən parkda dəhşətli hadisə baş verib. Parkdakı dəmir yelləncək konstruksiyası orada olan 14 yaşlı məktəbli qızın üzərinə aşıb.
XEBER.GE xəbər verir ki, yeniyetmə qız ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Məlumata görə, 14 yaşlı zərərçəkmiş başından və onurğasından ciddi xəsarətlər alıb və hazırda "Gürcü-Amerika Hospitalı"nın reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. Klinika rəsmən onun vəziyyəti ilə bağlı hələlik geniş açıqlama verməyib.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan sağlamlığa zərər vurma) maddəsi ilə təhqiqat başladılıb.
Tbilisinin meri Kaxer Kaladze Nadzaladevi rayon icra hakimiyyətinin mövqeyini dəstəkləyərək, konstruksiyanın möhkəm olmaması iddialarını rədd edib.
Mer bəyan edib ki, yelləncək qəsdən, məqsədli şəkildə zədələnib və məhz bu səbəbdən yeniyetmənin üzərinə aşıb:
"Mən təxminən nə baş verdiyini bilirəm, lakin istintaqın maraqları naminə konkret detallar barədə danışmağım və qiymət verməyim doğru olmazdı. Şəhərdə baş verən bu cür vandalizm aktları və dövlət əmlakına olan münasibət qətiyyən qəbuledilməzdir. Biz sizinlə bura getsək, o konstruksiyanı belə asanlıqla zədələyə bilmərik, bunu məqsədli ediblər".
"TV Pirveli" telekanalının jurnalisti merə sual ünvanlayaraq, yeniyetmələrin bu cür ağır dəmir konstruksiyanı yalın əllə necə zədələyə bildiklərini və şəhər idarəsinin parklardakı monitorinqi niyə lazımi səviyyədə qurmadığını soruşub.
Bu sual Kaxer Kaladzeni qəzəbləndirib.
Mer suala birbaşa cavab verməkdən imtina edərək jurnalisti ölkəyə və şəhərə qarşı düşmənçilik fəaliyyəti aparmaqda ittiham edib:
"Sizin fərqli siyasi baxışlarınız ola bilər, ölkəyə və şəhərə qarşı yönəlmiş düşmənçilik fəaliyyəti ilə məşğul ola bilərsiniz — bu sizin gündəlik fəaliyyətinizdə açıq görünür.
Amma bu elə bir mövzudur ki, burada cəmiyyət birləşməlidir. İndi mən sizin mikrofonunuzu əlinizdən alıb başınıza vursam və desəm ki, günah sizdədir, çünki mikrofonu əlinizdə bərk saxlamamışdınız, bu da eyni müqayisədir. Kimin təqsiri varsa, istintaq müəyyən edəcək və cəzasını alacaq".
Məsələ ilə bağlı müxbirin əlavə suallarını cavablandırmayan mer, jurnalistləri "hadisələrə düzgün qiymət verməyə" çağırıb və sonda "Yaxşı olar ki, hər şeyi öz adı ilə çağırasınız. Bunu yadda saxlayın və əzbərləyin" deyərək ərazini tərk edib.