Ozurgetidə ad günü qanla bitdi – Restoran sahibi həbs edildi
Gürcüstanın Ozurgeti şəhərində yerləşən "Pirosmani" restoranında gənc oğlanın bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Xeber.ge "Pirvelebi" telekanalına istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında ad günü məclisi zamanı qeydə alınıb.
Cinayəti törətməkdə şübhəli bilinən restoran sahibi, 23 yaşlı Giorgi Qobronidze polis tərəfindən saxlanılıb.
Məlumata görə, Qobronidze ilə ad günü süfrəsində əyləşən qonaqlardan biri arasında mübahisə yaranıb. Hazırda xəstəxanada olan zərərçəkmiş tərəfləri sakitləşdirməyə və davanı ayırmağa çalışarkən bıçaqlanıb.
Saxlanılan G. Qobronidze əvvəllər quldurluq və hədə-qorxu ilə tələb etmə maddələri üzrə iki dəfə məhkum olunub.
Hadisə zamanı Qobronidzenin yanında olan və cinayətdə iştirakı ehtimal edilən ikinci şəxs hələ də polis tərəfindən axtarılır.
"Medalfa" klinikasının direktoru Davit Mdinaradzenin bildirdiyinə görə, yaralı reanimasiya şöbəsindədir və vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Təhlükəsizlik məqsədilə palatanın qapısında polis mühafizəsi təşkil olunub.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq başladıldığını təsdiqləyib.