Onlarla jurnalist, aparıcı, fəal və siyasətçi məhkəməyə çağırılıb

Sosial fəallar, teleaparıcılar, jurnalistlər və müxalifət siyasətçiləri bəyan edirlər ki, "Gürcü Arzusu" deputatlarını sosial şəbəkələrdə təhqir etdiklərinə görə məhkəməyə çağırılırlar.
Aparıcı Nanuka Jorjolianinin məlumatına görə, məhkəməyə çağırılanlar arasında bunlar var: onun oğlu, fəal Mariam Geguçadze, teleaparıcı Vaxo Sanaia, Vika Bukia, fəal Ana Subeliani, teleaparıcı Eka Mişveladze, müxalif siyasətçilər Elene Xoştaria və Aleko Elişvili, "Safari" təşkilatının təsisçisi Baia Pataraia, Gürcüstan Milli Bankının keçmiş prezidenti Giorgi Kadagidze və jurnalist Dea Mamiseişvili.
Həmçinin müxalif siyasətçi Levan Xabeişvili də məhkəməyə çağırılıb.
“Federalistlər” hərəkatının liderlərindən Tamar Çerqoleişvili də paylaşdığı videoda bildirib ki, onu Mamuka Mdinaradze və Tea Tsulukianiyə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə məhkəməyə çağırıblar. Lakin o, rəsmi sənəd təqdim olunana qədər məhkəməyə getməyəcəyini bildirib.
Jurnalist Dea Mamiseişvili qeyd edib ki, onu da parlament çoxluğunun lideri Mamuka Mdinaradzeni təhqir etdiyinə görə məhkəməyə çağırıblar: “Sabah məhkəməyə çağırılıram, çünki Mamuka incidi. Mamuka Mdinaradze özünü təhqir olunmuş hiss edib və DİN və məhkəmə də özlərini vacib hiss ediblər.”
Aparıcı Eka Mişveladzenin sözlərinə görə, ona heç bir bildiriş gəlməsə də, məhkəmənin rəsmi saytında onun adı yazılıb və prosesin vaxtı təyin olunub: “Dostlar, məhkəmənin saytında yazılıb ki, sabah saat 16:00-da Ekaterine Mişveladzenin prosesi var. Amma mənə nə zəng gəlib, nə də bildiriş göndərilib! Görəsən bu mənəm, ya başqa Ekaterine Mişveladzedir?”
Daxili İşlər Nazirliyindən bildirilib ki, inzibati icraat siyasi vəzifəli şəxslərin təhqir olunması ilə bağlı başlanıb. Nazirlik izah edib ki, "Gürcü Arzusu" fraksiyasının sədri tərəfindən 6 iyun 2025-ci ildə təqdim olunan şikayət əsasında Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 173 (16)-cı maddəsi ilə inzibati işə başlanılıb. Bu maddə dövlət və siyasi vəzifə daşıyıcılarının xidməti vəzifələrini yerinə yetirərkən və ya bu vəzifələrlə bağlı sözlü təhqir, lənət, alçaldıcı ifadələr və digər təhqiredici hərəkətləri nəzərdə tutur.
İnzibati işin materialları bu gün, 11 iyun tarixində Tbilisi Şəhər Məhkəməsinə təqdim olunub.
mənbə: interpress