Moskva-Batumi təyyarəsi sərnişinin ayaqyolunu su basmasına görə geri qayıdıb

May 14, 2026 - 22:06
 0  96
Moskva-Batumi təyyarəsi sərnişinin ayaqyolunu su basmasına görə geri qayıdıb

Rusiyanın "Red Wings" aviaşirkətinə məxsus Moskva-Batumi reysini həyata keçirən təyyarə sərnişinin törətdiyi qəza səbəbindən havaya qalxdığı hava limanına geri dönməli olub.

Xeber.ge xeber  verir ki, hadisə mayın 13-də qeydə alınıb.

"Sukhoi Superjet 100" tipli təyyarə Jukovski hava limanından havaya qalxdıqdan sonra sərnişinlərdən biri ayaqyolunda əllərini yuyarkən kranın dəstəyini bərk çəkərək sındırıb.

Yüksək təzyiqlə axan su təyyarənin quyruq hissəsini və bələdçilərin iş zonasını qısa müddətdə su altında qoyub.

Bələdçilər suyu bağlamağa nail olsalar da, yaranmış vəziyyətlə əlaqədar ekipaj uçuşu davam etdirməkdən imtina edərək Moskvaya qayıtmaq qərarı verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində aviaşirkətə 1 milyon rubl məbləğində zərər dəyib.

Təyyarədə olan 64 nəfər hava limanına qayıtdıqdan sonra başqa bir təyyarəyə mindirilib və Batumi istiqamətində uçuş uğurla tamamlanıb.