Miqrasiya qaydalarının pozulmasına görə xarici vətəndaşlar saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri həyata keçirib.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata əsasən, əvvəlcədən əldə edilmiş informasiyaya uyğun olaraq konkret yerlərdə yoxlamalar aparılıb. Tədbirin məqsədi ölkədə qanuni əsaslar olmadan yaşayan xarici ölkə vətəndaşlarının müəyyənləşdirilməsi olub.
Kompleks tədbirin nəticəsində 7 xarici vətəndaş, o cümlədən Hindistan və Nigeriya vətəndaşları saxlanılıb. Müəyyən edilib ki, onlar Gürcüstanda “Xaricilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozmaqla qalırdılar.
Hazırda həmin şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Yerləşdirmə Mərkəzinə yerləşdiriliblər və ölkədən çıxarılmaları ilə bağlı müvafiq prosedurlar aparılır.
Nazirlikdən bildirilib ki, xüsusi immiqrasiya nəzarəti tədbirləri davamlı xarakter daşıyacaq və məqsəd müvafiq qanunvericiliyin səmərəli icrasının təmin edilməsidir.
mənbə: interpress