"Microsoft" "Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi

Apr 14, 2026 - 10:13
 0  5
"Microsoft" "Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi

 

2026-cı ildən etibarən "Windows 11" əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.

 Xeber.ge xəbər verir ki, bu barədə "Neowin" portalı məlumat yayıb.

Məlumata görə, "Microsoft" korporasiyası 2025-ci ilin dekabrından başlayaraq əməliyyat sistemlərinin (ƏS) telefon vasitəsilə təsdiqlənməsi prosedurunu ləğv edib. Bu üsul sistemin qeydiyyatı və aktivasiyası üçün tətbiq edilən ən köhnə variantlardan biri sayılırdı. Texnologiya nəhəngi rəsmi səhifəsindəki dəstək bölməsini yeniləyərək əməliyyat sisteminin təsdiqlənməsi formalarını yenidən açıqlayıb.

Əgər istifadəçi "Windows 11" lisenziyasını rəsmi satış nöqtələrindən əldə edirsə, o zaman 25 simvoldan ibarət xüsusi kodu sistemə daxil etməlidir. Həmin şifrə, bir qayda olaraq, qutu daxilindəki kağız daşıyıcılarda yer alır. Digər bütün istifadəçi qrupları üçün isə Amerika şirkəti əməliyyat sistemini onlayn qaydada aktivləşdirməyi məsləhət görür.

Korporasiyadan verilən məlumata əsasən, bu yeni yanaşma aktivasiya prosedurunu daha təhlükəsiz və dayanıqlı edir, həmçinin dələduzluq hallarının qarşısını alır. "Microsoft" nümayəndələri əlavə ediblər ki, rəsmi portal üzərindən qeydiyyatdan keçmək üçün istifadəçinin şəxsi hesabı və bu hesaba bərkidilmiş əməliyyat sistemi mütləqdir.

Tərtibatçı şirkət onlayn aktivasiya üsulunun həm fərdi istehlakçılar, həm də korporativ müştərilər üçün ideal olduğunu vurğulayıb. Bununla belə, şirkət oflayn rejimdə əməliyyat sistemini aktivləşdirmə metodunun tamamilə dayandırılmayacağına dair söz verib.

mənbə: oxu.az