Marneulidə toyda qanlı dava: Səbəb "oğru mahnısı" olub-VİDEO

Apr 22, 2026 - 18:01
 0  184

Marneulidə fəaliyyət göstərən "Aydan" restoranında baş tutan toy mərasimi kütləvi dava və bıçaqlanma ilə nəticələnib.

Hadisə ilə bağlı yeni və şok təfərrüatlar məlum olub.

Xeber.ge xeber  verir ki, qanlı qarşıdurmaya səbəb toyda səsləndirilən musiqi seçimi olub.

  Şahidlərin sözlərinə görə, mübahisə gəlin tərəfinin bəzi mahnılara etiraz etməsindən sonra başlayıb.

İddialara görə, toyda "kriminal aləmi" tərənnüm edən mahnıların oxunması tərəflər arasında fiziki qarşıdurmaya rəvac verib. Davada 10-a yaxın silahlı şəxsin iştirak etdiyi bildirilir.

  Hadisə nəticəsində 35 yaşlı kişi bıçaq xəsarəti alıb. O, hazırda Marneulidəki "Geo Hospitals" klinikasında müalicə olunur.

Digər bir nəfərin isə üz sümüklərinin qırıldığı və paytaxt Tbilisiyə aparıldığı bildirilir.

 Yaralıların yaxınları hadisə zamanı kriminal avtoritetlərin restoranda olduğunu iddia edirlər.

  Yerli sakinlərin sözlərinə görə, dava başladıqdan sonra əraziyə polis çağırılsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etmədən ərazini tərk ediblər.

Qanlı qarşıdurmanın məhz polislər getdikdən sonra şiddətləndiyi vurğulanır.

  Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik yalnız bir nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Nazirliyin məlumatına görə, 35 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 21 yaşlı gənc qandallanıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.