Gürcüstan DTX-dən casusluq əməliyyatı

Apr 22, 2026 - 18:28
 0  22
Gürcüstan DTX-dən casusluq əməliyyatı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kontrkəşfiyyat Departamenti ölkə ərazisində casusluq fəaliyyəti ilə məşğul olan şəbəkəni ifşa edib.

 Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan bir Gürcüstan vətəndaşı saxlanılıb, daha iki nəfər barəsində isə qiyabi ittiham irəli sürülüb.

Xeber.ge xeber  verir ki, saxlanılan şəxs xarici kəşfiyyat tərəfindən ələ alınaraq xüsusi gizli ləqəb (psevdonim) altında fəaliyyət göstərib.

  İstintaqla müəyyən edilib ki, həmin şəxs müəyyən pul mükafatı qarşılığında Gürcüstanın dövlət maraqlarına zidd olaraq aşağıdakı məlumatları toplamaq və xarici ölkəyə ötürmək tapşırığı alıb:

DTX, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin şəxsi heyəti, texniki vasitələri və dislokasiya yerləri barədə məlumatlar, habelə bu obyektlərin foto və video görüntüləri.

Ölkədəki körpülər, mühüm avtomobil və dəmir yolu magistralları və digər strateji təyinatlı binaların yerləşmə sxemləri.

DTX eyni cinayət əməlində əli olan daha iki Gürcüstan vətəndaşını ifşa edib.

Hazırda ölkə hüdudlarından kənarda olan bu şəxslərə qarşı qiyabi ittiham irəli sürülüb.

Onların İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi üçün müvafiq prosedurlar başladılıb.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi (Casusluq) ilə cinayət işi davam etdirilir. Saxlanılan şəxsi 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Dövlət Təhlükəsizlik Xidməti konkret olaraq casusluğun hansı ölkənin xeyrinə həyata keçirildiyini hələlik açıqlamayıb.

İşin spesifikliyini nəzərə alaraq, uzunmüddətli əməliyyat və istintaq tədbirlərinin keçirildiyi vurğulanıb.