Marneulidə nasaz maşınlara saxta texniki baxış talonu verən 3 nəfər tutuldu
Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, kommersiya rüşvəti, saxta rəsmi sənədin hazırlanması, qrup halında kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanmasında köməklik göstərilməsi faktı üzrə Gürcüstanın 3 vətəndaşı saxlanılıb.
XEBER.GE xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneulidə yerləşən "Tex-2017" MMC texniki baxış mərkəzinin əməkdaşı vasitəsilə, qanunsuz maddi qazanc əldə etmək məqsədilə Gürcüstan vətəndaşlarının istifadəsində olan, texniki cəhətdən nasaz avtomobillərin dövrü inspeksiyasını müsbət nəticə ilə rəsmiləşdirirdilər. Bu, həmin nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş tələblərə cavab verməməsinə baxmayaraq edilirdi;
Saxlanılan şəxslər hesabatlarda şüurlu şəkildə reallığa uyğun olmayan məlumatları qeyd edirdilər ki, bunun da nəticəsində nasaz avtomobillərə texniki baxışın müsbət rəyləri verilirdi. Sözügedən qanunsuz əməlin müqabilində təqsirləndirilən şəxslər vətəndaşlardan sistemli şəkildə pul alırdılar", — DTX yazır.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi, 362-ci maddəsinin 1-ci hissəsi, 25-221-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi və 25-362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Cinayət cəza olaraq 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.