Marneulidə iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneulidə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 2 nəfəri – 2003-cü il təvəllüdlü E.M.-ni və 2005-ci il təvəllüdlü R.G.-ni saxlayıblar.
Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
“E.M.-yə qarşı qəsdən sağlamlığa ağır zərər vurma və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması maddələri ilə ittiham irəli sürülüb. R.G. isə odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlanılıb.
Bu cinayətlər 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, E.M. cari ilin 4 iyun tarixində Marneulidə, keçmişdə yaşanmış münaqişə zəminində baş verən mübahisə zamanı, 1998-ci il təvəllüdlü V.G.-yə odlu silahdan atəş açaraq xəsarət yetirib. Hadisədən sonra o, R.G. ilə birlikdə gizlənməyə cəhd göstərib, lakin hər iki şəxs polis tərəfindən saxlanılıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən odlu silah maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 236-cı (odlu silahın qanunsuz dövriyyəsi) maddələri ilə aparılır,” – deyə məlumatda bildirilir.
mənbə: interpress