Kutaisidə appendisit əməliyyatından sonra 5 yaşlı uşaq vəfat etdi

Nov 1, 2026 - 18:59
 0  24
Kutaisidə appendisit əməliyyatından sonra 5 yaşlı uşaq vəfat etdi

Oktyabrın 27-də Kutaisidə, Qərbi Gürcüstan Tibb Mərkəzində 5 yaşlı Daniel Bazadze appendisit əməliyyatından sonra vəfat edib.

XEBER.GE xeber  verir ki, uşaq iki gün əvvəl güclü qarın ağrısı ilə klinikaya yerləşdirilib. Həkimlər appendiksin çıxarılması barədə qərar veriblər.

5 yaşlı Daniel Bazadzenin valideynlərinin sözlərinə görə, əməliyyatdan əvvəl uşağa klinikada bütün zəruri müayinələr aparılıb.

“Səhər saat 5-də mənə zəng edib ‘Bağışlayın, övladınız vəfat edib’ dedilər” – Danielin valideynlərinə oktyabrın 27-si səhər saatlarında zəng edilərək uşağın ürəyinin dayandığı bildirilib.

Valideynlər övladlarının ölümündə həkimləri günahlandırır, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb edirlər.

“Beş yaşlı oğlumun ölümündə əli olan hər kəs cəzalandırılsın”, – uşağın anası Tatiya Tkemaladze “Formula”ya müsahibəsində bildirib.

“Uşağın appendisiti var idi. Bu ölkədə insan niyə həkimə müraciət etməkdən və appendisit əməliyyatı keçirməkdən qorxmalıdır?” – deyə mərhum uşağın atası sual edib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürməni nəzərdə tutan 116-cı maddəsi ilə istintaqa başlayıb.

“Tabula”ya nazirlikdən bildirilib ki, ekspertiza təyin olunub və müvafiq rəy gözlənilir.

Klinikanın nümayəndəsi isə “Şაბათის Formula”nın jurnalistinə bildirib: “Müvafiq qurumlarla əməkdaşlıq edirik, bütün məlumatları və tibbi sənədləri onlara təqdim etmişik”.

Ekspertiza rəyinədək uşağın ölümü ilə bağlı işdə hər hansı şəxsin təqsiri müəyyən edilməyib.