İtaliyada Gürcüstan vətəndaşları saxlanılıb
İtaliyada hüquq-mühafizə orqanları tərəfindən qanunsuz miqrasiya, sənədlərin saxtalaşdırılması və Gürcüstandan olan qadınların əmək istismarına qarşı genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilib.
XEBER.GE xeber verir ki, İtaliya Maliyyə Polisinin (Guardia di Finanza) məlumatına görə, əməliyyat çərçivəsində 29 nəfər saxlanılıb, ümumilikdə isə işdə 101 nəfər figurant kimi keçir.
Merano polisinin prokuror müavini İgor Sekonun rəhbərliyi ilə apardığı istintaq nəticəsində İtaliyanın 10 şəhərində (Bolzano, Trento, Udine, Krotone, Recjo-Emiliya, Recjo-Kalabriya, Gorisiya, Pordenone, Piza və Boloniya) 95 axtarış aparılıb və təxminən 220 hüquq-mühafizə əməkdaşı cəlb olunub.
İstintaqın versiyasına görə, dəstəyə Gürcüstanın iki vətəndaşı rəhbərlik edib. Onlar həmvətənlərini İtaliyaya qanunsuz yolla aparmağı təklif edib, İtaliya vətəndaşının ayırdığı mənzillərdə yerləşdirərək Cənubi Tirol və Trentinoda ailələrdə işlə təmin ediblər (həmin ailələrin qanunsuz sxemdən xəbəri olmayıb). Sxemdə Meranoda fəaliyyət göstərən və iki İtaliya vətəndaşı tərəfindən idarə olunan formal qeydiyyatlı məşğulluq agentliyi də iştirak edib.
Sənədlərin saxtalaşdırılması yolu ilə 100-dən çox gürcü qadına saxta vergi kodları verilib ki, bu da onların sənədlərdə Avropa İttifaqı vətəndaşı kimi görünməsini təmin edib. Dəstə qadınların şəxsiyyət vəsiqələrini əlindən alaraq həyatlarına tam nəzarət edib, onları razılığı olmadan ailədən ailəyə köçürüb və iş yerini qorumaq üçün maaşlarının bir hissəsini vasitəçilərə ("kaporalara") ödəməyə məcbur edib.
Axtarışlar zamanı xaricə getmək üçün yararlı saxta sənədlər götürülüb, iş üzrə ilkin istintaq davam edir və İtaliya qanunvericiliyinə əsasən təqsirləndirilən şəxslər məhkəmənin qərarına qədər günahsız sayılırlar.