İrakli Kobaxidze ATƏT-in baş katibi ilə görüşüb

Apr 23, 2025 - 13:58
 0  11
İrakli Kobaxidze ATƏT-in baş katibi ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüşdə ATƏT-lə əməkdaşlıq, regiondakı vəziyyət və Gürcüstanın qarşısında duran çağırışlar müzakirə olunub.

Baş nazir Sinirlioğluna Gürcüstana səfərinə və sıx əməkdaşlığa görə təşəkkür edib. Görüşdə Gürcüstanın demokratiya prinsiplərinə, insan hüquqlarına və qanunun aliliyinə sadiqliyi bir daha qeyd olunub.

Tərəflər işğal olunmuş ərazilərdəki vəziyyəti də müzakirə ediblər. Gürcüstanın Cenevrə Beynəlxalq Danışıqlarında ATƏT-in həmsədrliyini və insidentlərin qarşısının alınması və onlara reaksiya mexanizmi formatında iştirakını yüksək qiymətləndirdiyi vurğulanıb. Həmçinin, Gürcüstan hakimiyyətinin sülh siyasətinə sədaqəti xüsusi qeyd olunub.

Görüşdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin əhəmiyyətinə və bu istiqamətdə Gürcüstanın səylərinə diqqət yetirilib. Qeyd olunub ki, ATƏT-in Avropa təhlükəsizlik arxitekturası üzrə dialoqun əsas platforması olaraq qalması vacibdir.

“ATƏT-in Baş katibi cənab Feridun Sinirlioğlunu Gürcüstana səfəri çərçivəsində qəbul etməkdən məmnunam. Əməkdaşlığımızın dərinləşdirilməsində göstərdiyi fəallığa görə ona təşəkkür edirəm. Tərəfdaşlığımız Gürcüstanın siyasi sabitliyi və iqtisadi dayanıqlığını möhkəmləndirmək, həmçinin regional əməkdaşlığı təşviq etmək və qlobal çağırışların öhdəsindən gəlmək üçün son dərəcə vacibdir,” – deyə Kobaxidze sosial şəbəkədə yazıb.

mənbə: Interpress