İki nəfər vergi fırıldağına görə saxlanıldı
Gürcüstanda saxta vergi sənədlərinin hazırlanması və satışı faktı ilə bağlı iki nəfər saxlanılıb.
Bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
Xeber.ge xəbər verir ki, aparılan araşdırmalar nəticəsində qanunsuz maddi qazanc əldə etmək məqsədilə cinayət əlaqəsinə girən şəxslər ifşa olunublar.
Müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz gəlir əldə etmək məqsədilə onlardan birinin adına qeydiyyatdan keçmiş fərdi sahibkar vasitəsilə saxta sənədləşmə aparıblar.
Onlar ümumi dəyəri 9 500 lari olan taxta-şalban məhsullarının guya tədarük edilməsini əks etdirən saxta qaimə-fakturalar və vergi hesab-fakturaları hazırlayaraq satıblar. Bu qanunsuz xidmətin müqabilində isə qarşı tərəfdən 1 500 lari nağd pul tələb edərək mənimsəyiblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi (saxta kredit və ya hesabla bağlı sənədlərin qrup halında hazırlanması, saxlanılması və ya satışı) ilə cinayət işi açılıb.
Hazırda istintaq tədbirləri davam etdirilir. Cinayət qanunvericiliyinə əsasən, bu maddə üzrə təqsirləndirilən şəxsləri 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.