Həzrət Zəhranın (s) evlilikdən sonrakı həyatı

Dec 13, 2024 - 12:24
 0  15
Həzrət Zəhranın (s) evlilikdən sonrakı həyatı

Peyğəmbərin (s) hicrətindən sonra bir neçə nəfər onun qızı ilə evlənmək istəyirdi, lakin Həzrət Əli (ə) onunla ailə qurdu. Həzrət Fatimə (s) ilə Əmirəl-möminin Əlinin (ə) həyatının ilk dövrü çətin iqtisadi şəraitlə keçdi, lakin o, heç vaxt mövcud vəziyyətdən şikayət etmədi.

Məkkədən Mədinəyə hicrətdən sonra Ömər, Əbu Bəkr, Əbdürrəhman ibn Əvf və bir neçə nəfər daha Həzrət Fatimə (s) ilə evlənmək istəyirdilər. Bu arada Həzrət Əli (ə) də ailə bağları və Fatimənin (s) əxlaqi xüsusiyyətlərinə görə onunla evlənmək arzusunda idi; lakin tarixçilərin dediyinə görə, Peyğəmbərin (s) qızına elçi düşməyə cürət etmirdi. Səd ibn Məaz bu məsələni Peyğəmbərə (s) çatdırdı və Peyğəmbər (s) Əlinin (ə) elçiliyinə razılıq verdi. Əli (ə), digər mühacirlər kimi, hicrətdən sonrakı ilk aylarda ağır iqtisadi vəziyyətdə idi. Bu səbəbdən Peyğəmbərin (s) tövsiyəsi ilə zirehini satdı (və ya girov qoydu) və onun dəyərini Fatimənin (s) mehrinə çevirdi. Əli (ə) ilə Fatimənin (s) nikah mərasimi Peyğəmbərin (s) məscidində müsəlmanların iştirakı ilə keçirildi.

Fatimə (s) ilə Əlinin (ə) həyatının ilk dövrü çətin iqtisadi şəraitdə keçirdi; elə vaxtlar olurdu ki, övladlarını doyurmaq üçün yemək tapmırdılar. Bu çətin şəraitə baxmayaraq, Fatimə (s) mövcud vəziyyətdən heç vaxt şikayət etmirdi və bəzən ərinə dolanışığı təmin etməkdə yardımçı olmaq üçün yun əyirirdi. Peyğəmbərin (s) tövsiyəsinə əsasən Fatimə (s) ev işlərini özü görür, çöl işlərini isə Əliyə (ə) həvalə edirdi. Peyğəmbər (s) Fizzəni onun evinə xidmətçi olaraq göndərdikdə, ev işlərini iki yerə böldü: Yarısını özü görürdü, digər yarısını isə Fizzəyə həvalə edirdi.

Əli (ə) Fatiməyə (s) çox hörmət edirdi. Həzrət Əlidən (ə) belə bir rəvayət var: "Nə mən heç vaxt Fatiməni (s) qəzəbləndirdim, nə də Fatimə (s) heç vaxt məni qəzəbləndirdi". Şiə və sünni mənbələri bunda həmfikirdir ki, Fatimə (s) və Əlinin (ə) dörd övladı olmuşdur: Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsüm. Şiə mənbələrində və bəzi sünni mənbələrində onların beşinci bir övladından da bəhs edilir ki, Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr zamanı Fatiməyə (s) dəyən zərbə nəticəsində o, ana bətnində siqt olmuşdur. Onun adı Möhsün və ya Muhəssən olaraq qeyd edilir.

Fatimə (s) bir sıra ictimai fəaliyyətlərdə və siyasi mövqe sərgiləmələrdə iştirak etmişdir. Mədinəyə hicrət, Ühüd döyüşündə Peyğəmbəri (s) müalicə etmək, Peyğəmbərin (s) şəhid əmisi Həmzənin cənazəsinin yanında Həmzənin bacısı və Peyğəmbərin bibisi Səfiyyə ilə birlikdə əza saxlamaq, Xəndək döyüşündə Peyğəmbərə (s) azuqə çatdırmaq və Məkkənin fəthində Peyğəmbəri (s) müşayiət etmək onun Peyğəmbərin (s) vəfatından əvvəlki fəaliyyətlərindən idi.

mənbə: iqna