Həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs ömürlük həbs cəzasına məhkum edildi

Mçxeta Rayon Məhkəməsi həyat yoldaşının xüsusi qəddarlıqla qəsdən qətlində təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib.
Bu barədə prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilib ki, 2024-cü il 12 noyabr tarixində, Tyaneti bələdiyyəsinin Axalsopeli kəndində təqsirləndirilən şəxs azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşını qəsdən öldürmək məqsədilə üzərinə yanacaq tökərək od vurub. Qadın aldığı ağır yanıq xəsarətləri nəticəsində 2024-cü il 10 dekabr tarixində vəfat edib.
Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima maddəsi, 109-cu maddəsinin “t”, “k” və “m” bəndləri ilə ittiham irəli sürülüb (ailə üzvünə qarşı, xüsusi qəddarlıqla və qadınla kişi arasındakı bərabərliyə dözümsüzlük zəminində qəsdən adam öldürmə – ağırlaşdırıcı hallarla).
Mçxeta Rayon Məhkəməsi şəxsi ittiham üzrə tam şəkildə günahkar hesab edib və ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.
mənbə: interpress