Gürcüstanın yeddi bölgəsində genişmiqyaslı silah əməliyyatı

Apr 30, 2026 - 12:23
 0  80
Gürcüstanın yeddi bölgəsində genişmiqyaslı silah əməliyyatı

Gürcüstan Daxili İşlər Nazirliyinin müxtəlif departamentləri tərəfindən ölkə miqyasında qanunsuz silah-sursat dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat-istintaq tədbirləri keçirilib. Əməliyyat nəticəsində 14 nəfər saxlanılıb, 2 nəfər isə cinayət törətməkdə ifşa edilib.

Xeber.ge xəbər verir ki, əməliyyatlar Tbilisi, Mtsxeta-Mtianeti, İmereti, Samtsxe-Cavaxeti, Sameqrelo-Zemo Svaneti və Acarıstan regionlarını əhatə edib.

Təqsirləndirilən şəxslərin yaşadıqları evlərdə, köməkçi təsərrüfatlarda və şəxsi avtomobillərində keçirilən axtarışlar zamanı maddi sübut kimi aşağıdakılar müsadirə olunub:

  • Müxtəlif markalı və modellərə aid odlu silahlar;
  • Külli miqdarda döyüş sursatı (patronlar);
  • Partlayıcı qurğular.

DİN-in Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gömrük Xidməti tərəfindən birgə keçirilən tədbirlər nəticəsində ölkəyə qanunsuz yolla hərbi sursat gətirilməsi cəhdinin qarşısı alınıb. Saxlanılan şəxslər Batumi limanı və "Sarpi" gömrük-keçid məntəqəsi ərazilərində yaxalanıblar. Onların idarə etdikləri nəqliyyat vasitələrinə baxış zamanı 2 ədəd əl qumbarası, 2 ədəd kapsul-detonator və 150-yə yaxın müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (Odlu silahın, döyüş sursatının və ya partlayıcı maddələrin qanunsuz alınması, saxlanması və satışı) üzrə istintaq aparılır. Bu maddə üzrə təqsirli bilinən şəxsləri 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.