Gürcüstanın Madurosı Rustavi həbsxanasındadır

Jan 8, 2026 - 13:10
 0  29
Gürcüstanın Madurosı Rustavi həbsxanasındadır

Gürcüstanın öz Nikolas Madurosı var – bu, törətdiyi cinayətlərə görə Rustavi həbsxanasında cəza çəkən ölkənin eks-prezidenti Mixail Saakaşvilidir.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Venesuela prezidentinin saxlanılmasını şərh edərkən bildirib.

Şənbə günü, yanvarın 3-də ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib. Venesuelada fövqəladə vəziyyət elan olunub. Prezident Maduro və xanımı ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilərək ölkədən ABŞ-a aparılıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən daha əvvəl bildirildiyi kimi, hakimiyyət Venesueladakı hadisələrin inkişafını diqqətlə izləyir və növbəti proseslərin Venesuela xalqının maraqlarına uyğun olacağına ümid edir.

 "Beynəlxalq təhlükəsizlik sistemi mövcud deyil – hər kəs öz milli maraqlarına uyğun hərəkət edir", – deyə Papuaşvili bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı qlobal güc kimi artıq mövcud deyil və belə bir siyasətlə heç vaxt qlobal gücə çevrilməyəcək.

O, etiraz aksiyası iştirakçılarını xarici dövlətlərin bayraqlarını dalğalandırmamağa, Gürcüstan bayrağını əllərinə almağa və gürcü dəyərlərinə qayıtmağa çağırıb.

"Biz özgə dəyərlərin nəyə gətirib çıxardığını artıq gördük. Gəlin, o cümlədən Patriarxın dünənki Milad müraciətində (epistolasında) dediklərinə əsaslanaraq, gürcü dəyərlərinin qayğısına qalaq", – deyə Papuaşvili bildirib.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın Milad müraciətinin əsas mövzuları xristian anlayışında həqiqi azadlıq, söz və inanc azadlığı anlayışlarının mənası, habelə öz inancını qorumağın və sülhü saxlamağın vacibliyi olub.