Gürcüstanda əcnəbilərlə bağlı qanun sərtləşdirildi

Oct 1, 2025 - 12:25
 0  87
Gürcüstanda əcnəbilərlə bağlı qanun sərtləşdirildi

2025-ci il oktyabrın 1-dən etibarən Gürcüstanda əcnəbilərin ölkədə qalma qaydalarını pozması ilə bağlı qanun sərtləşdirilib. Yeni qaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir və cərimələrin məbləği artırılır.

InterPress.ge xəbər verir ki, xüsusilə, ölkədə qalma müddətini pozan əcnəbilərə 1000–3000 lari aralığında cərimə tətbiq ediləcək və müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağa qoyulacaq.

“İnzibati Xətalar Məcəlləsinə” görə:

  • Qanuni qalma müddəti bitdikdən sonra 3 aya qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinə ölkəyə girişinə qadağa qoyulacaq.

  • Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq olunacaq və 2 il müddətinə giriş yasaqlanacaq.

  • 1 ildən çox qanunsuz qalan şəxslərə isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.

  • Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500 lari cərimə tətbiq ediləcək.

  • Həmçinin, əcnəbini qanunsuz əsaslarla dəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərə xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ 1000 lari idi).

“Cinayət Məcəlləsinə” görə:
1 oktyabrdan etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən çıxarılması da sadələşdirilib. Qanuna əsasən:

  • Az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağan edilə bilər.

  • Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20 ilədək və ya müddətsiz ola bilər.

Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğun olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq ediləcək. Lakin ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata keçirilməyəcək, yalnız həmin şəxsin ekstradisiyanı tələb edən dövlətə göndərilməsi istisna təşkil edir.

Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunu qəbul edib. Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaq prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna dəyişiklik edilib. Məqsəd isə qeyri-leqal miqrasiyanın qarşısının alınması və sığınacaq prosedurlarının sui-istifadəsinin qarşısını almaqdır.

mənbə: interpress