Gürcüstanda qrantlar haqqında qanuna dəyişikliklər: texniki yardım, müdafiə və təhlükəsizlik də qrant kimi tanınacaq

Gürcüstan parlamentində “Qrantlar haqqında” qanuna növbəti dəyişikliklər layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə üçün təqdim olunub.
Yenilənmiş layihəyə əsasən, beynəlxalq donor təşkilatları və xarici hökumətlər tərəfindən göstərilən texniki yardım – texnologiyaların, biliklərin, bacarıqların, ekspertiza və digər dəstək formalarının paylaşılması qrant kimi tanınacaq.
Bundan əlavə, qrantların verilə biləcəyi sahələr siyahısına müdafiə və təhlükəsizlik istiqamətləri də əlavə edilib.
Qanun layihəsinin yenidən işlənmiş variantında donor təşkilatların siyahısı dəqiqləşdirilib və “habelə digər beynəlxalq təşkilat” anlayışı əlavə olunub. Bu isə o deməkdir ki, istənilən beynəlxalq təşkilat tərəfindən ayrılan vəsaitlər artıq qrant statusu daşıyacaq.
Dəyişikliklərə əsasən, qrantın verilməsinin hüquqi əsası kimi donorla qrant alan arasında yazılı müqavilə, yaxud xarici donor tərəfindən qəbul edilmiş yazılı qərar nəzərdə tutulur.
Qanuna həmçinin yeni bir bənd əlavə olunub: Avropa İttifaqının “Horizon Europe” elmi-tədqiqat və innovasiya proqramı, eləcə də “Erasmus+” proqramı çərçivəsində ayrılan qrantlar artıq hökumət razılığı tələb etməyəcək.
Xatırladaq ki, “Gürcü Arzusu” partiyasının qərarı ilə Gürcüstanda qüvvədə olan mövcud qanuna əsasən, qrantların verilməsi üçün hökumətin və ya hökumət tərəfindən müəyyən olunmuş səlahiyyətli orqanın razılığı tələb olunur. Razılıq olmadan verilmiş qrantların alınması qadağandır. Belə hallara nəzarət isə Antikorrupsiya Bürosuna həvalə edilib.
mənbə: interpress