Gürcüstanda qapalı məkanda aksiyaların keçirilməsi qadağan edilir, inzibati həbsin müddəti uzadılır
Gürcüstan parlamentində Cinayət və İnzibati Xətalar məcəllələrinə ciddi dəyişikliklər edilməsi ilə bağlı müzakirələrə başlanılıb.
Bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze məlumat verib.
Mdinaradze bildirib ki, mülkiyyət sahibinin əvvəlcədən razılığı olmadan qapalı məkanda aksiyaların keçirilməsi qadağan ediləcək. Bundan başqa, xırda xuliqanlıq, polisə tabe olmamaq, məhkəmə girişlərinin bloklanması və digər inzibati xətalara görə cərimələr və inzibati həbs müddəti artırılacaq. İnzibati həbsin müddəti 60 günə qədər uzadılacaq.
"Cinayət Məcəlləsinə əsas dəyişikliklərdən biri də zorakı hərəkətlərə çağırış və polisə qarşı müqavimət göstərən şəxslər üçün cəzaların ağırlaşdırılmasıdır. Polisə və dövlət məmurlarına qarşı təhdid və zorakılıq hallarına görə həbs cəzası beş ildən altı ilədək artırılacaq", - o qeyd edib.
İcraçı katibin sözlərinə görə, məqsəd dövlət institutlarını möhkəmləndirmək, qanunvericilikdə olan maneələri aradan qaldırmaq və inzibati qayda pozuntularına qarşı daha sərt tədbirlər görməkdir.
mənbə: report