Gürcüstanda İki bələdiyyə rəsmisi rüşvətə görə saxlanılıb

May 13, 2026 - 12:55
 0  81
Gürcüstanda  İki bələdiyyə rəsmisi rüşvətə görə saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti ölkənin iki müxtəlif bələdiyyəsində həyata keçirdiyi əməliyyat nəticəsində korrupsiya faktlarını aşkar edib.

 Xeber.ge xəbər verir ki, rüşvət alma faktı ilə bağlı ümumilikdə 3 nəfər saxlanılıb ki, onlardan ikisi bələdiyyə merlərinin nümayəndələridir.

Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunan işlərin təfərrüatları aşağıdakı kimidir:

Zanavi inzibati vahidi üzrə merin nümayəndəsi vasitəçi ilə birlikdə saxlanılıb.

Rəsmi şəxs dövlət mülkiyyətində olan torpaq sahələrində kempinq sahəsinin qurulmasına "himayədarlıq" etmək müqabilində 10 000 ABŞ dolları məbləğində rüşvət alıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sameba inzibati vahidi üzrə merin nümayəndəsi cinayət başında yaxalanıb.

Bələdiyyə rəsmisi 20 ton kartofun mənşəyi haqqında saxta sənədlərin hazırlanması müqabilində vətəndaşdan 1 000 lari rüşvət alıb.

Bu iş üzrə qanunvericilik 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutur.

Maliyyə Nazirliyi hər iki iş üzrə pul vəsaitlərinin maddi sübut kimi götürüldüyünü bildirib. Qurum bəyanatında dövlət məmurlarını korrupsiyadan çəkinməyə çağıraraq, hüquq-mühafizə orqanlarının bu cür halların aradan qaldırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.