Gürcüstanda avtomobillərin təkrar ixracı adı ilə 548 min laridən çox vergi yayındırılıb: 3 nəfər saxlanıldı

Nov 2, 2026 - 12:45
 0  57
Gürcüstanda avtomobillərin təkrar ixracı adı ilə 548 min laridən çox vergi yayındırılıb: 3 nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, avtomobillərin təkrar ixracı yolu ilə idxal vergilərindən yayınmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb, daha 16 nəfərə isə ittiham irəli sürülüb.

Bu sxem nəticəsində dövlət büdcəsinə 548 809 laridən çox ziyan dəyib.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, 2025-2026-cı illərdə mütəşəkkil qrupun üzvləri saxta sənədlərdən istifadə edərək avtomobilləri formal olaraq təkrar ixrac rejimində rəsmiləşdiriblər. Bu sxemə 15 xarici ölkə vətəndaşını da cəlb ediblər və onlara bu əməliyyatların müqabilində ödəniş ediblər.

Sxem çərçivəsində ümumilikdə 138 avtomobil təkrar ixrac rejiminə keçirilib. Lakin həmin avtomobillər qanunla müəyyən edilmiş müddətdə Gürcüstan ərazisini tərk etməyib. Belə hallarda avtomobillər idxal proseduruna daxil edilmiş hesab olunur və müvafiq vergilər ödənilməlidir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 210-cu (saxta kredit və ya hesablaşma kartlarının hazırlanması, satışı və ya istifadəsi) və 185-ci (aldatma yolu ilə əmlaka ziyan vurma) maddələri ilə istintaq aparılır. Həmin maddələr 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.