Gürcüstan mərkəzli telekanallara Avropada məhdudiyyət
Gürcüstanın hökumətyönlü "Imedi" telekanalı Avropa Parlamentindən rəsmi məktub alıb.
Xeber.ge xeber verir ki, məktubda telekanalın fəaliyyətinin bir il müddətinə Avropa Parlamentində qadağan edildiyi bildirilir.
Telekanalın rəhbərliyi bu qərarın "Imedis Kvira" proqramında yayımlanan süjetdən sonra qəbul edildiyini açıqlayıb.
Eyni zamanda, Moldovadan da Gürcüstanın üç yayımçısı ilə bağlı məhdudlaşdırıcı qərar gəlib. Telekanalın yaydığı məlumata görə:
Moldova Respublikası "TV Imedi", "Rustavi 2" və "POSTV" telekanallarına akkreditasiya verməkdən imtina edib.
Bu qərar səbəbindən sözügedən kanallar Gürcüstan Xarici İşlər Nazirliyinin də təmsil olunacağı Avropa Şurası Nazirlər Komitəsinin sessiyasını işıqlandıra bilməyəcəklər.
"Imedi" telekanalının yayımladığı rəsmi sənəddə Moldovanın kompetent orqanları imtinanı belə əsaslandırıb: "Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyası üçün akkreditasiya müraciətləri milli qanunvericilik və Moldova Respublikasında xarici jurnalistlərin akkreditasiyası haqqında reqlamentə uyğun olaraq nəzərdən keçirilib.
Bu proses bütün müraciətçilər üçün standart qiymətləndirmə prosedurunu əhatə edir.
Aparılan araşdırmadan sonra sizin müraciətiniz təsdiqlənməyib".