“Gürcü Arzusu” fikir və çağırış azadlığına dair maddəni qanundan çıxarır

İvanişvilinin nümayəndəsi, deputat Davit Matikaşvili Gürcüstan Parlamentinin plenar iclasında "İfadə və Fikir Azadlığı Haqqında" qanuna dəyişiklikləri təqdim edərkən bildirib ki,
bu sənədin 4-cü maddəsi fikir və çağırış azadlığını tənzimləyən hissə qanundan çıxarılıb.
Qeyd edək ki, mövcud qanunun 4-cü maddəsinə əsasən, fikir mütləq imtiyazla, yəni tam toxunulmazlıqla qorunur. Çağırış isə şərti və məhdud imtiyazla. Çağırış yalnız o zaman məsuliyyətə səbəb ola bilər ki, şəxs qəsdən elə bir hərəkət etmiş olsun ki, bu, qanunsuz nəticələrin aydın, birbaşa və real təhlükəsini yaratsın.
Müzakirə zamanı “Gürcü Arzusu”nun deputatı Viktor Caparidze böhtan məsələsinə toxunaraq sual verib: “Adətən belə ifadələr işlədilir – "güman olunur", "məndə əsaslı şübhə var" və s. İnsan sadəcə fikir söyləyir və buna görə məsuliyyət daşımır. Bəs bu maddə çıxarılandan sonra necə olacaq?” Bu sualın cavabında Matikaşvili bildirib ki, “bəli, bu maddə artıq qanunda yoxdur və biz nəzərə aldıq ki, bu müddəa ləğv edilsin.”
Bu dəyişikliklə, qanundan "dərhal və aydın təhlükə" doktrinası da çıxarılır. Yəni artıq ifadə yalnız təhlükəli nəticə doğuracağı halda cəzalandırıla bilməz – bu qoruma mexanizmi aradan qaldırılır.
Məsələ ilə bağlı Vətəndaş Cəmiyyəti Fondunun hüquqşünası Saba Braçveli öz sosial media paylaşımında yazır:
“Bu dəyişikliyə əsasən, artıq rəsmi olaraq sizin fikirləriniz qorunmayacaq. Yalnız fikrinizi yüksək səslə dilə gətirdiyinizə görə istənilən zaman, istənilən qanunla o cümlədən yeni böhtan qanunu ilə məsuliyyətə cəlb oluna bilərsiniz.
Bu günədək dedik ki, rejim vətəndaşların fikirlərini nəzarət altına almaq istəyir. Bunu bəlkə bir az şişirdilmiş hesab edənlər də oldu.
Amma sabah artıq qanundan fikir azadlığını mütləq şəkildə qoruyan maddə rəsmi şəkildə çıxarılır.
Bu gün hazırkı qanunla fikir yalnız o zaman məsuliyyət yaradır ki, şəxs qəsdən elə bir hərəkət edir ki, nəticədə qanunsuzluq təhlükəsi açıq, birbaşa və real şəkildə meydana çıxsın.
Sabahdan etibarən isə artıq belə bir hüquqi qoruma yoxdur", - Braçveli yazır.
Qeyd edək ki, qanuna digər dəyişikliklər də nəzərdə tutulur. Onlardan biri böhtanla bağlı iddialarda sübut yükünün cavabdeh tərəfin üzərinə qoyulmasıdır. Yəni, fikrini bildirən şəxs sübut etməlidir ki, dedikləri əsaslı şəkildə yalan deyil.
Hüquq müdafiəçiləri və müstəqil ekspertlər hesab edirlər ki, bu dəyişikliklər ifadə azadlığının ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olacaq.
mənbə: marneulifm