Güclü qar Gürcüstanda fəsadlara səbəb olub

Güclü qar Gürcüstanın bir sıra bölgələrində fəsadlara səbəb olub.
Ölkənin xüsusilə də qərb bölgəsinə yağan qar evlərin damına zərər vurub, beynəlxalq əhəmiyyətli yollar bağlanıb.
Qar örtüyünün çox olması nəticəsində Batumi Beynəlxalq Hava Limanının mərkəzi girişinin damı uçub. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Bununla belə, çətin meteoroloji şəraitə görə hava limanından aviareyslər təxirə salınıb.
Ozurgeti bələdiyyəsində isə orta yaşlı kişinin yıxılaraq öldüyü bildirilib.
Qar səbəbi ilə Gürcüstan-Rusiya, Gürcüstan-Türkiyə istiqamətindəki bir sıra beynəlxalq əhəmiyyətli magistrallarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Güclü qar qatarların hərəkətinin təxirə salınması ilə nəticələnib.
Gürcüstan Dəmir Yollarının məlumatına görə, hava şəraiti ilə əlaqədar Batumi, Kutaisi, Xaşuri, Zestafoni şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.
Acarıstan Yollar İdarəsinin məlumatına görə, Xulo, Şuaxevi və Keda bələdiyyələrinin dağlıq kəndlərinə yağan qar örtüyünün 2 metrə çatması nəticəsində kəndlərlə əlaqə kəsilib.
Qarla əlaqədar Batumidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb.
mənbə: apa