GMİ Şeyxindən Fitrə Zəkatıyla bağlı açıqlama

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev fitrə zəkatının məbləği, kimlərə verilməli olduğu və digər dini məsələlərlə bağlı Gürcüstan KİV-in suallarını cavablandırıb.
Jurnalist: Şeyx Hacı Faiq Nəbiyev sizi salamlayırıq. Bayram ərəfəsində sizlərə bir neçə sual ünvanlamaq istəyirik və oxucularımıza tövsiyələrinizi verməyinizi istəyərdik.
Hacı, Fitrə zəkatı nədir, kimlərə verilməlidir?
Şeyx Hacı Faiq Nəbiyev: Aleykum salam. Sizi və oxucularınızı bayram münasibətilə təbrik edirəm.
Fitrə zəkatı, Ramazan ayının sonunda verilən bir növ sadə sədəqədir. İslamda fitrə zəkatı, oruc tutan hər bir müsəlmanın, özünün və onunla birlikdə yaşayan ailə üzvlərinin maddi vəziyyəti yaxşı olanlarının, bayram günü kasıb və ehtiyacı olan insanlara kömək etməsi məqsədilə verməsi gərəkli olan bir məbləğdir. Bu zəkat, həmçinin bayramın sevinclərini kasıb və ehtiyacı olan şəxslərlə bölüşməyə, onlara sevinc və rahatlıq gətirməyə yönəlik bir vasitədir. Gürcüstanda fitrə zəkatı məscidlər tərəfindən toplanaraq ehtiyacı olan ailələrə və fərdlərə çatdırılır. Bununla yanaşı, fitrə zəkatı bilavasitə ehtiyac içində olan insanlara da verilə bilər. Xüsusilə, ailə başçısını itirmiş, himayəsində azyaşlı uşaqları olan və maddi sıxıntı yaşayan insanlara fitrə zəkatı vermək daha savab sayılır.
Fitrəni qohumlar və qonşular arasında ehtiyacı olan insanlara vermək daha məsləhətlidir. Çünki İslam dini yardımlaşmanı və yaxın çevrədəki imkansız insanlara dəstək göstərməyi tövsiyə edir.
Lakin burada diqqət yetirilməli məqamlar da var. Məsələn, tanımadığınız bir şəxs özünü fəqir kimi təqdim edirsə, yalnız onun sözlərinə əsasən fitrə vermək düzgün deyil. Xüsusilə, dilənçiliyi peşə halına gətirənlərə fitrə zəkatı verilməməlidir. Çünki bu halda həmin şəxsin həqiqətən ehtiyacı olub-olmadığını bilmək çətindir.
Bundan əlavə, seyid olmayan şəxslər seyidlərə fitrə zəkatı verə bilməzlər. Bu dini qaydalara əsasən müəyyən edilmiş bir hökmdür və müsəlmanlar bu məsələdə diqqətli olmalıdırlar.
Jurnalist: Hacı, Fitrə zəkatının məbləği nə qədərdir?
Şeyx Hacı Faiq Nəbiyev: Allah tutulan oruclarınızı qəbul etsin. Mübarək Ramazan ayının sona çatması ilə birlikdə, bayram axşamı maddi imkanı olan hər bir müsəlman fitrə zəkatını verməlidir. Bu zəkat fərdin özü və himayəsində olan ailə üzvləri üçün ayrılmalıdır.
Fitrənin miqdarı əsasən gündəlik istehlak edilən qida məhsullarının dəyərinə əsasən müəyyən edilir. Bu, adətən 3 kiloqram buğda, un, düyü və ya digər əsas ərzaq məhsullarının dəyərinə bərabərdir. Gürcüstandakı mövcud bazar qiymətləri nəzərə alınaraq, bu məbləğ adambaşına 6-10 lari aralığında hesablanıb. İmkanlı şəxslər daha keyfiyyətli qida məhsulları, məsələn, düyü əsasında fitrə zəkatını hesablaya bilərlər.
Jurnalist: Fitrə zəkatı nə vaxt verilməlidir?
Şeyx Hacı Faiq Nəbiyev: Fitrə zəkatı Ramazan ayının sonuna çatdıqda, bayram axşamı və ya bayram namazına qədər verilməlidir. Çünki fitrə zəkatının əsas hikmətlərindən biri bayram günü kasıb və ehtiyacı olan insanların da sevinc içində olmasıdır. Gecikdirməmək lazımdır.
Jurnalist: Fitrə zəkatını kimlər verməlidir?
Şeyx Hacı Faiq Nəbiyev: Fitrə zəkatını vermək üçün maddi imkanı olan hər bir müsəlman məsuliyyət daşıyır. Əgər bir şəxs özünün və ailəsinin əsas xərclərini qarşılaya biləcək səviyyədə maddi imkana malikdirsə, o, fitrə zəkatını verməlidir. Əks halda, yəni, ehtiyac içində olan insanlara fitrə vacib deyil.
Jurnalist: Fitr bayramının mənəvi tərəfi haqda nə deyə bilərsiniz? Bu bayramda nə etməyi tövsiyə edərdiniz?
Şeyx Hacı Faiq Nəbiyev: Fitr bayramı, Ramazan ayının sonunda, oruc tutan müsəlmanların Allahdan alacağı mükafat günüdür, Allahın razılığını düşünərək bayram sevinci yaşamaq üçün bir fürsətidir. Fitr bayramında bayram namazı qılmaq lazımdır. (Məscidlərimizdə qılınır. Evdə qılmaq istəyənlər namazın qılınma qaydasını öyrənib özü qıla bilər). Həmçinin xeyirxah işlər görmək bayramda gözəl əməllərdəndir.
Bu bayramda gözəl əməllərdən biri, yalnız qida və maddi yardımla deyil, həm də mənəvi olaraq kasıblara yaxınlaşmaqdır. Bayramda hər kəs bir-birinə qarşı daha mehriban və yardımlaşmağa daha açıqlıq göstərməli, xüsusilə ehtiyac içində olan insanlara qarşı səmimi və ədalətli olmalıdır.
Həmçinin, qohum-əqraba ilə əlaqəni gücləndirmək, onlara qarşı diqqətli və səmimi olmaq, ailəvi birlikləri möhkəmlətmək də bu bayramın mənəvi tərəfini daha da qüvvətləndirir.
Bu bayramda, ənənəvi olaraq ehtiyac içində olan insanlara kömək etmək, daha çox sədəqə vermək və İslam əxlaqı üzrə davranmaq vacibdir. Eyni zamanda, Allahdan tövbə etmək, öz günahlarımıza görə bağışlanma diləmək və Allahın bəndələrinə qarşı mərhəmətini hiss etmək bu bayramın mənəvi dərinliyini daha da artırır.
Ata anası sağ olanlar bunu fürsət bilsin və onların qəlbini sevindirsin. Onları narahat ediblərsə, yaxşı bir halallıq alsınlar, üzr istəsinlər, onlara hədiyyə alsınlar. Valideynlərini itirənlər isə onların adından yaxşı işlər görsünlər, onların ruhlarına Quran oxusunlar.
Küsülülər bir birini bağışlasın. O günahkardır, bu günahlardır deyib küsülülüyü uzatmasınlar. Çalışsınlar bu bayram günü barışsınlar və görəcəklər bu barışıq onların özləri üçün bərəkətli olacaq.
Allahdan istəyim budur ki, Fitr bayramında bizi təqvalılardan qərar versin. Özümüz də çalışaq ki, təqvaya əməl edək, Allah istədiyi kimi bəndə olaq və bu gündən sonra Allahın yardımı ilə bütün günlərimiz bayram olsun.
Bayramınız mübarək!