Ex-nazir Burçuladze ordu satınalmalarındakı 1.5 milyonluq rüşvətin yarısını Qaribaşviliyə verib
Müdafiənin keçmiş naziri Cuanşer Burçuladze orduya ayrılan vəsaitin mənimsənilməsindən əldə olunan payı İrakli Qaribaşvili ilə bölüşürmüş. Bu barədə Prokurorluqda keçirilən brifinqdə bəyan edilib.
XEBER.GE xeber verir ki, Baş prokurorun müavini Amiran Quluaşvilinin bildirdiyinə görə, Cuanşer Burçuladze rüşvət kimi aldığı 1,5 milyon laridən 750 minini özünə saxlayıb, məbləğin digər yarısını isə rüşvət şəklində nağd olaraq İrakli Qaribaşviliyə təhvil verib.
Gürcüstan Prokurorluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma faktı üzrə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə ittiham elan edib:
12 avqust 2026-cı il tarixində Müdafiənin keçmiş nazirinin qohumu, məhkum Vasil Mxeidze istintaqla əməkdaşlıq etmək istəyi ilə Prokurorluğa müraciət edərək əlində olan bütün məlumatları təqdim edib; həmçinin Cuanşer Burçuladze də dindirilib və istintaqla əməkdaşlıq edib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi qarşılıqlı istintaq-prosessual tədbirləri nəticəsində müəyyən olunub ki, 2021–2024-cü illərdə İrakli Qaribaşvili baş nazir vəzifəsini tutaraq dövlət-siyasi vəzifəli şəxs olub. Qanunvericiliyə uyğun olaraq, o, digər funksiyaları ilə yanaşı, hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, hökumətin işini təşkil edir, habelə nazirlərin fəaliyyətini əlaqələndirir və nəzarətdə saxlayırdı.
Həmin dövrdə Müdafiə naziri vəzifəsini Cuanşer Burçuladze tuturdu və o da dövlət-siyasi vəzifəli şəxs idi. Qanunvericiliyə əsasən, o, nazir kimi Gürcüstanın baş naziri qarşısında hesabatlı idi və nazirliyin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, müvafiq vəzifəli şəxslərin qərarlarına və fəaliyyətinə xidməti nəzarəti həyata keçirirdi.
2022-ci ilin sonundan Gürcüstan Müdafiə Nazirliyində müxtəlif bahalı tibbi avadanlıq və inventarın alınması ehtiyacı yaranıb ki, bu da məxfilik rejimində satınalma yolu ilə həyata keçirilməli idi. Bu prosedurlarda iştirak etmək və qanunsuz finansal mənfəət əldə etmək məqsədilə Cuanşer Burçuladze ilə razılaşdırılaraq, onun qohumu Vasil Mxeidze müvafiq təcrübəyə malik tanıdığı bir biznesmenlə əlaqə saxlayıb. O, satınalmanın elə formalarla elan olunmasını təklif edib ki, bu da həmin biznesmenlə bağlı şirkətin arzulanan qiymətlə qalib gəlməsini zəmanətlə təmin etsin; əvəzində isə ümumi müqavilə dəyərinin 10%-nin nağd pul şəklində ona verilməsini tələb edib.
Vasil Mxeidze ilə əlaqəli şəxs ilkin mərhələdə cinayətkar razılaşmadan çəkindikdə və ali vəzifəli şəxslərdən daha çox zəmanət tələb etdikdə, o vaxtkı Müdafiə naziri Cuanşer Burçuladze hesabatlı şəxs kimi o vaxtkı baş nazir İrakli Qaribaşvili ilə razılıq əldə edib. Razılaşmaya görə, Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalmalar elə formada həyata keçiriləcəkdi ki, yuxarıda qeyd olunan sahibkarla bağlı şirkətlərin istənilən qiymətlə zəmanətli qələbəsi təmin olunsun, əvəzində isə onlar külli miqdarda qanunsuz maliyyə mənfəəti əldə etsinlər.
Öz növbəsində müvafiq maddi mənfəətin ona da verilməsini tələb edən və seçilmiş biznesmenin bu cür məsələlərdə etibarlı olduğunu təsdiqləyən İrakli Qaribaşvilidən tam xidməti havadarlıq alan Cuanşer Burçuladzenin tapşırığı ilə Müdafiə nazirinin o vaxtkı müavini Qiorqi Xaindrava və Satınalmalar Departamentinin o vaxtkı rəisi Vladimer Quduşauri nazirliyin publik hüquqi şəxs "Qiorqi Abramişvili adına Müdafiə Nazirliyinin Hərbi Hospitalı" üçün müxtəlif tibbi avadanlıq və inventarın alınması prosesində məqsədli hərəkətlərlə qeyri-rəqabət mühiti yaradıblar. Nəticədə, qeyri-real sövdələşmələrin bağlanması yolu ilə məxfi satınalma müqavilələri üzrə alınacaq mal və xidmətlərin dəyəri süni şəkildə artırılıb. Nəticədə, 3 məxfi satınalma zamanı sözügedən şəxslərlə əlaqəli şirkətlər Müdafiə Nazirliyinə real dəyəri 11 499 705 lari olan tibbi avadanlıq və digər inventarları 18 484 960 lariyə tədarük ediblər.
Satınalmalara paralel olaraq, müvafiq zəmanət və havadarlıq əvəzində satınalmalarda iştirak edən biznesmen bir neçə mərhələdə Vasil Mxeidzeyə nağd pul şəklində ümumi müqavilə dəyərinin təxminən 10%-ni — 1 900 000 lari verib. Həmin məbləğdən Mxeidze şəxsi mənfəət kimi 400 000 lari saxlayıb, qalan məbləği isə tam olaraq Cuanşer Burçuladzeye təhvil verib. Sonuncu rüşvət kimi aldığı 1 500 000 laridən 750 000 larisini özünə saxlayıb, məbləğin digər yarısını — 750 000 larini isə bir neçə mərhələdə rüşvət kimi nağd şəkildə İrakli Qaribaşviliyə verib.
Yuxarıda qeyd olunan əməllər nəticəsində dövlətə külli miqdarda — 6 985 255 lari məbləğində əmlak ziyanı dəyib və ictimai maraqlar əhəmiyyətli dərəcədə pozulub.
Prokurorluq İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin "a", "q" bəndləri və 3-cü hissəsinin "e" bəndi ilə ittiham elan edib. Bu maddə dövlət-siyasi vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəklində xüsusilə külli miqdarda rüşvət alınmasını nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
İş üzrə adı keçən digər məmurlara gəldikdə, ictimaiyyətə xatırladırıq ki, onlar yuxarıda qeyd olunan faktlarla bağlı məhkəmə tərəfindən artıq məhkum olunublar və onlara müvafiq cəzalar təyin edilib. O cümlədən, Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstan Prokurorluğu İrakli Qaribaşvilinin ittihamı üzrə məhkəməyə yalnız məhkəmədənkənar/ilkin məhkəmə iclasının təyin olunması xahişi ilə müraciət edəcək, çünki o, başqa cinayət işi üzrə çıxarılmış məhkumetmə hökmü əsasında artıq cəza çəkir.