Cümə Gününün fəziləti haqqında ətraflı məlumat

Cümə Gününün fəziləti haqqında ətraflı məlumatı təqdim edirik:
Bu günün böyük məqamı var. “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” [Cümə surəsi, 9].
Müsəlmanlar üçün bu gün bayram sayılır. Adəm (ə.s) Cümə günü yaradılıb, həmin gün cənnətə daxil olub və həmin gün cənnətdən qovulub. İmam Zaman ağanın (ə.f) zühur edəcəyi gün də məhz Cümə günü olacaq.
Bu gün duaların qəbul olunduğu, Allahın mərhəmət qapısının açıldığı gündür. Rəvayətlərə görə, cümə günü qılınan namazlar, oxunulan Quran ayələri daha fəzilətli və xeyirlidir.
Hədislərə əsasən, bu günün hər saatı Allah cəhənnəmdən 600 min bəndəni azad edər. Kim cümə axşamının zöhr namazından cümə gününün zöhr namazına kimi dünyadan köçərsə, Allah onu qəbir əzabından uzaq edər.
Cümə gecəsi bəyənilən əməllər: Çoxlu istiğfar etmək və salavat demək, təsbihati ərbəəni (Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər) çoxlu təkrarlamaq, möminlər üçün dua etmək.
Cümə günü bəyənilən əməllər: Cümə qüslü almaq, dırnaqları kəsmək, dişləri fırçalamaq, təmiz və gözəl paltar geyinmək və ətir vurmaq.
Bu gün Quranın aşağıdakı surələrini oxumaq fəzilətlidir:
Yasin, Vaqiə, Nəbə, Kəhf, Hud, Duxan, Fatihə və Cümə surələri.
İmam Əli (ə.s) buyurub: “Cümə gününün fəzilətlərindəndir ki, hər kim o gün Allahdan hacət istəyər, böyük Pərvərdigar onu yerinə yetirər. Əgər kimsə əzaba layiqdirsə, cümə günü və gecəsi dua edərsə, Allah onu həmin əzabdan qurtarar”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Cümə gecə və gündüzü iyirmi dörd saatdır. Allah taala onun hər bir saatında altı yüz min adamı cəhənnəmdən azad edir”.
İmam Sadiq (ə) buyurmuşdur: “Cümə günü – böyük bir əhəmiyyətə və hörmətə malikdir. Belə isə, onun hörmətini sındırmayın! Bu gün Allah taalanın ibadətində əlindən gələni əsirgəmə və xoşa gələn əməllərlə Allah taalaya doğru müqərrəb və yaxın ol! Bütün haramlardan əl çək, çünki, Allah bu gün yerinə yetirilən savab əməlləri neçə bərabər yazaraq, pis əməllərin əzabını silir. Möminlərin dərəcələrini dünya və axirətdə ucaldır. Fəzilətdə, onun gecəsi də gündüzü kimidir. Əgər mümkün olsa, cüməyə keçən gecəni sübhə qədər oyaq qalıb, namaz qılıb dua oxuyaraq ibadətlə məşğul ol. Allah taala cüməyə keçən gecə, mələkləri möminlərin kəramətlərini artırmaq üçün onların həsənatlarını çoxaldıb, günahlarını silmək üçün birinci asimana göndərər. O Həzrətdən nəql olunmuş başqa bir hədisdə oxuyuruq:: “Bəzi vaxt, mömin bəndə bir hacəti üçün dua edir, amma Allah taala onu icabət etmir. Onu cümə gününə qədər təxirə salır ki, o günün fəzilətinə xatir bəndəsinin istəyini iki bərabər versin.
Sonra buyurur: “Həzrət Yusif (ə)-ın qardaşları, ataları Həzrət Yəqub (ə)-dan onları bağışlamalarını istədikdə, Həzrət Yəqub (ə) dedi: “Səvfə əstəğfiru ləkum Rəbbi (Öz Rəbbimdən tezliklə sizin bağışlanmanızı istəyəcəyəm)”. İmam Sadiq (ə) buyurur: “Yəqub (ə) övladlarının haqqında edəcəyi duanın qəbul olunması üçün onu, cümə gecəsi səhərə (sübhə yaxına) qədər təxirə saldı.”
mənbə: azshafaqna.com