Cani ananı ömürlük həbs gözləyir
Bolnisi rayonunun kəndlərindən birində baş vermiş azyaşlı qətli ilə bağlı hüquq-mühafizə orqanları növbəti rəsmi addımı atıb.
Xeber.ge xəbər verir ki, Prokurorluğun yaydığı bəyanata görə, 7 yaşlı oğlunu kəsici alətlə qətlə yetirən 42 yaşlı anaya qarşı qanunvericiliyin ən ağır maddələri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq materialları ilə müəyyən edilib ki, mayın 31-də bədbəxt hadisə zamanı ağır psixoloji böhran keçirən ana 7 yaşlı övladına kəsici alətlə həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.
Azyaşlı zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa və ona təcili tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, o, klinikada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qatil ananı iyunun 1-də rəsmən həbs ediblər.
Saxlanılan qadına Gürcüstan Cinayət Məcəlləsinin 11-prima 109-cu maddəsinin "e" və "k" bəndləri (Ailə üzvü olan azyaşlıya qarşı qəsdən adam öldürmə) ilə rəsmi ittiham elan olunub. Bu maddənin sanksiyası törədilən cinayətin ağırlığına görə 20 ilədək və ya ömürlük (u vado) azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluqdan verilən məlumata görə, cinayət işi çərçivəsində təqsirləndirilən qadının hadisə anında öz hərəkətlərinə nəzarət edib-etmədiyini, anlaqlı olub-olmadığını müəyyənləşdirmək məqsədilə yaxın günlərdə məhkəmə-psixiatrik ekspertizası təyin olunacaq.
Yaxın saatlarda prokurorluq qətimkan tədbiri olaraq ittiham olunan şəxs barəsində həbs (həbs-qətimkan tədbiri) seçilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.