Avtomobil divara çırpılaraq aşdı, ölən var

May 29, 2026 - 21:08
 0  108
Avtomobil divara çırpılaraq aşdı, ölən var

 Kaxeti bölgəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Xeber.ge xəbər verir ki, Telavi bələdiyyəsində qeydə alınan avtomobil qəzasında bir nəfər həyatını itirib.

Hadisə bir qədər əvvəl Telavinin Cuğaani kəndində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, minik avtomobilində iki nəfər olub. Hərəkət zamanı sürücü qəfildən sükan idarəetməsini itirib.

Nəticədə yoldan çıxan nəqliyyat vasitəsi böyük sürətlə divara çırpılıb və aşaraq yararsız hala düşüb.

Dəhşətli zərbə nəticəsində avtomobildə olan sərnişinlərdən biri- Artana kənd sakini olan 55 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Maşında olan digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı ətrafdakıların və hadisə yerinə gələn təcili tibbi yardım briqadasının köməkliyi ilə dərhal Telavi Referal Hospitalına çatdırılıb. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.

İnsidentin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspert-kriminalistlər səfərbər olunub.

Polislər qəzanın dəqiq səbəblərini — yüksək sürət, yoxsa texniki nasazlıq olduğunu araşdırır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rəsmi istintaq başladılıb.