Apellyasiya məhkəməsi Kesaria Abramidzenin qətli ilə bağlı mühakimə olunan şəxsi ömürlük həbsdə saxlayıb

Jul 22, 2025 - 12:03
 0  10
Apellyasiya məhkəməsi Kesaria Abramidzenin qətli ilə bağlı mühakimə olunan şəxsi ömürlük həbsdə saxlayıb

Prokurorluğun məlumatına görə, Tbilisi Apellyasiya Məhkəməsi trans qadın Kesaria Abramidzenin qətli ilə bağlı mühakimə olunmuş şəxsin hökmünü dəyişməyib və onu ömürlük həbsdə saxlayıb.

Kesaria Abramidzenin qətli ilə ittiham olunan Beka Caiani 2025-ci il aprelin 16-da bütün irəli sürülmüş ittihamlar üzrə günahkar bilinmiş və ömürlük həbs cəzasına məhkum edilmişdi. Hökmü Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Qalustaşvili elan etmişdi.

Caiani qətl hadisəsini qismən etiraf etmişdi – o, cinayəti törətdiyini qəbul etmişdi, lakin ağırlaşdırıcı halları inkar edirdi. Müdafiə tərəfi qərarı dərhal apellyasiya məhkəməsinə şikayət etmişdi. Prokurorluq iyulun 21-də bəyan etdi ki, ali instansiya məhkəməsi hökmü dəyişmədən qüvvədə saxladı.

Hadisənin detalları:
Kesaria Abramidzenin meyiti 2024-cü il sentyabrın 18-də, Tbilisidə, Avtandil küçəsi 8 nömrəli ünvanda, öz mənzilində tapılmışdı. O, 36 yaşında idi.
Məhkəmə-tibbi ekspertiza müəyyən etmişdi ki, o, bıçaqla çoxsaylı yaralanmalara məruz qalıb və qan itkisindən ölüb.

26 yaşlı Beka Caiani hadisədən 6 saat sonra Kutaisi aeroportu yaxınlığında saxlanılmışdı.

Prokurorluğun və məhkəmənin təsdiq etdiyi məlumatlara görə:
• Beka Caiani qətldən sonra hadisə yerindən qaçaraq ölkəni tərk etməyə çalışıb;
• Sübutları məhv etməyə cəhd edib – qanlı geyimini atıb, yuyunub və ərazini təmizləyib, mobil telefonunu gizlədib;
• Beka Caiani Kesaria Abramidze üzərində fiziki və psixoloji zorakılıq törədib.

mənbə: marneulifm