ABŞ-yə saxta "keys"lərlə viza düzəldən dəstə çökdürüldü
Argentinadan Gürcüstana transmilli mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən Giorgi Xatiaşvilinin ekstradissiyası həyata keçirilib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Ekstradisiya olunan şəxs cinayətkar qrup tərkibində Gürcüstan vətəndaşının xarici ölkədə qanunsuz qalmasına köməklik göstərməkdə, sığınacaq almaq üçün yalan məlumatların təqdim olunmasını təşkil etməkdə və saxta rəsmi sənədlərin hazırlanması və satılmasında təqsirləndirilir. Sözügedən iş üzrə ümumilikdə 9 şəxs məsuliyyətə cəlb olunub.
XEBER.GE xeber verir ki, Gürcüstan Prokurorluğu və ABŞ Səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə tədbirləri nəticəsində məlum olub ki, dəstə ABŞ-də immiqrasiya siyasətinin sərtləşməsindən istifadə edərək Qazanc əldə etmək məqsədilə ABŞ-də sığınacaq almaq istəyən Gürcüstan vətəndaşları üçün saxta hekayələr (e.ə. "keys"lər) və saxta sübutlar hazırlayıb. Dəstə üzvləri guya vətəndaşların Gürcüstanda siyasi baxışlarına, cinsi orientasiyasına, hüquq-mühafizə orqanlarının təqibinə və s. görə təqib olunduqlarına dair uydurma tarixçələr və bunları təsdiqləyən saxta sənədlər tərtib ediblər.
İstintaq 2023–2026-cı illər ərzində dəstənin 1000-dən çox şəxsə xidmət təklif etdiyini və onlardan ümumilikdə təxminən 600 min lari, 2 milyon 250 min dollar və 12,5 min avro vəsait mənimsədiyini üzə çıxarıb.
Argentinanın səlahiyyətli orqanları Gürcüstan tərəfinin vəsatətini tam təmin edib. Bu, Avropa və region xaricindəki ölkədən həyata keçirilən ilk ekstradisiya kimi presedent təşkil edir. İş üzrə axtarışda olan daha bir şəxs isə Almaniyadan ekstradisiya olunub. Məsələ ilə bağlı ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Səfirliyi ilə sıx əməkdaşlıq edilib.