Ədalətsizlik şəraitində ümid – Bolnisi yolunda baş vermiş faciə bizə nəyi göstərir?-VİDEO
Dekabrın 30-a keçən gecə Bolnisi yolunda, Arıxlı (Naxiduri) kəndi yaxınlığında 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif şagirdi Elçin Binnətovu avtomobil vuraraq öldürüb. Faciənin ardınca qarşıdurma baş verib, xüsusi təyinatlılar və hüquq-mühafizə orqanlarının əməkdaşları kəndə səfərbər edilib. Daxili İşlər Nazirliyi Bolnisi Bələdiyyəsinin Naxiduri kəndində asayişi bu formada təmin edib.
İki uşağın ölümü həmin gün vəziyyətin gərginləşməsinə səbəb olub. Camaat əvvəlcə təcili yardım maşınını aşırıb, sonra isə mübahisə böyüyərək qarşıdurmaya çevrilib. Ailələr hələ də faciə haqqında danışmaqda çətinlik çəkirlər. Ölənlərdən birinin anası Naz Bayramova bizimlə söhbəti zamanı bildirdi ki, kənd sakinlərinin qəzəbinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerinə gələrək avtomobilin sürücüsünə yardım göstərməsi səbəb olub. O, “bəlkə də uşaq hələ nəfəs alırdı, hələ də onu xilas etmək mümkün olardı” deyə düşünür.
“Gürcü, azərbaycanlı və ya başqa etnik mənsubiyyətin fərqi yoxdur. Əgər vicdanı olsaydı, maşından düşüb kömək edərdi. Heyvanı vuranda aşağı enirsən ki, bəlkə kömək edəsən, o da adam vurub, bəlkə oğlum sağ idi, kömək etsəydi, nə olardı? Təcili yardım maşını gələndə avtomobildə şillə dəymiş iki nəfər təcili yardım maşınına aparılıb. Kənd sakinləri bilmirmiş, bəlkə oğlanları hələ də xilas etmək olardı. Sakinlər də qəzəbləniblər ki, bəlkə də təcili yardım maşınında onları gizlətməmişdən əvvəl yerdə yatanlara baxardılar. Həmin şəxs azərbaycanlı, svan, rus, ya başqası, hətta mənim milliyyətim də ola bilərdi, mənim üçün fərqi yoxdur, o, cəzalandırılmalıdır”.
Dünyasını dəyişmiş 16 yaşlı Sinan Şərifovun anası nüfuzlu şəxslərin cəzasız qaldığına, sadə vətəndaşların isə müdafiə olunmadığına inandığından qanuna etimadsızlığını bildirir. O, bildirir ki, hakimiyyət ancaq hakimiyyətdə olan şəxslərə gəldikdə reaksiya verir.
"Onların bizə diqqət yetirmələri üçün nə isə bir şey baş verməlidir, çünki bizim insanların yiyəsi yoxdur. Kiminsə arxası var, kimisə susdurur, amma mən susmayacağam. Oğlumun işini sona qədər aparacağam. Prezident eşitsin, haradadır, niyə soruşmur mənim əsgərim haradadır, niyə torpaqdadır. Qanun hardadır, narkotikdən istifadə edir, spirtli içki qəbul edir, yüksək sürətlə maşın sürürlər. Onda belə çıxır ki, arxasında kimsə var, ona görə cəzalandırılmırlar, qanun onlara şamil edilmir? Mənim dəstək verəcək kimsəm yoxdur, mən dövlətə güvənirəm, o mənə kömək etməli deyilmi? Sonra dövlət oğlumu mənə qaytaracaq? O, prezidentin yaxınıdır, arxası da var. Mən ədalətə inanmıram. Bu ölkədə dəstəyin olması üçün gərək prezidentin qohumu olasan? Bu adam layiqli cəzasını alanda ədalətə inanacağam. Hələ ki, nə qanun var, nə də ədalət. İnsanların müxtəlif problemləri var. Qanun hamıya eyni gözlə baxmalıdır”, – Naz Bayramova bildirir.
Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının rəhbəri Tamta Mikeladze hesab edir ki, inamsızlıq, təcrid və tərk edilmə hissləri onların maraqlarının yetərincə qorunmadığı fikrini gücləndirir və bu cəmiyyət ilə dövlət qurumları arasında əlaqənin dərinləşməsini daha da çətinləşdirir.
“Bizim Bolnisi rayonunda gördüyümüz və ya əvvəllər Dmanisi rayonunda gördüyümüz təcrübələr ilk baxışda etnik motivi olmayan cinayət, yaxud münaqişənin etnik əsas verilərək təcavüz, zorakılıq nümunəsi, təcrübəsi ola bilər. Bu şübhəsiz ki, hər bir dövlət məmurunun və ya şəxsin düşünməli olduğu bir məsələdir. Bu cür təcavüzün əsası olan struktur səbəblər nədir? Mənə görə, fərdi təcrübələrə bu cür dramatik reaksiyalar, xüsusən də icma daxilində və ya dövlət ilə icma arasında daha böyük problemlərə işarə edir. Mənə aydındır ki, Gürcüstanda azərbaycanlılar üçün dövlət qurumlarına inam baxımından ciddi problem var. Bunun səbəbi dövlətin məsuliyyətindədir. Biz görürük ki, illərdir, Gürcüstanda azərbaycanlılar siyasətdə təmsil olunmur, qərarlara təsir edə bilmirlər. Onların dili yerli səviyyədə tamamilə təcrid olunub, ona görə də belə bir fikir var ki, dövlət qurumları onları təmsil etmir, başa düşmür və təbii ki, bu, artıq azlıqlarla dövlət arasında çox ciddi etimad böhranını göstərir”, – Tamta Mikeladze bildirir.
Sosial Ədalət Mərkəzinin nümayəndəsinin fikrincə, yadlaşma və tarixi təcrübələr çoxmədəniyyətli mühitin formalaşması istiqamətində ciddi problemlər yaradır. Konkret insidentlər başqa cür qəbul olunsa da, Tamta Mikeladze qeyd edir ki, bütün bunlar cəmiyyətdaxili münasibətləri çətinləşdirən ciddi struktur problemlərinə əsaslanır.
“Kvemo Kartli bölgəsində etnik qruplar arasında ortaq məkanlar və təcrübələr yoxdur. Aralarındakı yadlaşma çox yüksəkdir və demək olar ki, onlar bir-biri ilə kəsişməyən müxtəlif paralel məkanlarda yaşayırlar, çox vaxt bu münasibətlər tarixi travmalarla, bir-birləri haqqında fərqli qavrayışlarla dolu olur. Həmin icmalar arasında inklüzivlik və çoxmədəniyyətli mühit yaratmaq çətindir. Buna görə də, üç əsas amil, bir tərəfdən, inamsızlıq və yadlıq, digər tərəfdən, Kvemo Kartlidə etnik azlıqların təcrid edilməsi, kifayət qədər təmsil olunmamasının aşkar etnik faktoru, üçüncü tərəfdən, icmalararası problem, münasibətlər. Bunlar etnik azlıqları müxtəlif vəziyyətlərdə onların maraqlarına, problemlərinə məhəl qoymadıqlarını, onların səsinin heç zaman nəzərə alınmayacağını və bu cür, kollektiv aqressiv fəaliyyətlər ilə özlərini qoruyacaqlarını hiss etdirir. Ailə üzvləri, qonşular təcili yardımın hadisə yerinə gələndə uşaqlara lazımi diqqət göstərmədiklərini, sanki onlara əhəmiyyət vermədiklərini, sürücünü qorumağa başladıqlarını danışanda biz orada idik. Onun qayğısına qalmaları yerli əhali arasında bir növ aqressiyaya səbəb oldu. Bu halları təsdiq və ya təkzib etmək mənim üçün çox çətindir, bunu da istintaq araşdırmalıdır, amma bu məsələdə əsas odur ki, onların təsəvvürünə görə, azərbaycanlı olan uşaq dövlət tərəfindən müvafiq şəkildə qorunmayıb. Avtomobilin aşırılması ilə ifadə edilən bütün bu təcrübəyə səbəb dövlətdən lazımi qorunmanın olmaması olub, nəticədə yerli ictimaiyyət çox qəzəblənib və s. Odur ki, bu hallar real olub-olmamasından asılı olmayaraq bu bölgədə mövcud olan struktur ədalətsizliklərinə əsaslanır. Bu işdə ədalətin bərqərar olması, dünyasını dəyişən uşaqların ailələrinin qanunun və məhkəmə sisteminin onların tərəfində olduğunu görməsi prinsipial əhəmiyyət kəsb edir. Onlar bilməlidirlər ki, tək deyillər və istintaq, məhkəmə orqanlarından müvafiq reaksiya olmalıdır.”
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Naxiduridə baş verən faciəyə münasibət bildirib və qeyd edib ki, faciəvi hadisə bir daha qanunun aliliyi, bərabərlik və yol təhlükəsizliyi kimi problemləri göstərir. Hüquq müdafiəçisi Samirə Bayramova bizimlə söhbəti zamanı bildirir ki, bu həmin ərazinin yaxınlığında baş verən ilk yol qəzası deyil. Yolun bu hissəsində nə küçə işıqları, nə keçidlər, nə də tramplinlər var.
“Orada dəfələrlə belə hadisələrin baş verdiyini bildiklərinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülməyib. Mən bir vətəndaş kimi bu hadisəyə obyektiv qiymət verilməsini istəyirəm. İki uşaq öldü və bu həqiqətən də ağır faktdır, nə baş verdiyini, necə baş verdiyini dəqiq bilmirik. Qiymətləndirmə və araşdırma obyektiv olmalıdır. İkincisi, bu istintaq o qədər şəffaf olmalıdır ki, sonrakı mərhələdə daha gərginlik yaratmasın. Əhali cavab gözlədiyini və bu cavab obyektiv olmasa, bunu belə qoymayacaqlarını deyir. Bu əlbəttə ki, çox narahatedicidir. Hesab edirəm ki, hər iki tərəf üçün itki olsa da, olmasa da, biz sakit olmalıyıq və özümüzə müxtəlif yollarla qanunsuz olaraq bəraət qazandırmağa çalışmamalıyıq. Bu da sonradan yeni problemlərə gətirib çıxaracaq. Hamımız sakitliklə gözləməliyik və bu məsələyə heç bir siyasi müdaxilə olmamalıdır. Görək bu proses necə davam edəcək”, – Samirə Bayramova bildirir.
Son faciədən bir ay keçməsinə baxmayaraq, Naxiduri yaxınlığında yolun qəzanın baş verdiyi hissəsində heç nə dəyişməyib. Yol Departamenti təhlükəsizlik nişanlarının quraşdırılmasına bələdiyyənin müraciəti əsasında reaksiya göstərir. Vətəndaşlar xəbərdarlıq lövhələrinin quraşdırılması üçün Bolnisi meriyasına məktubla müraciət ediblər, yoxsa yerli hökumətin təşəbbüsü ilə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub? . Bu suallara cavab vermək üçün bizdən məktubla müraciət etməyimizi istədilər (Cavabları gözləyirik).
Daxili İşlər Nazirliyinin dekabrın 31-də yayımladığı məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü, 2003-cü il təvəllüdlü və daha 4 sərnişinin də onunla birlikdə olduğu T.Ç. axtarılır. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı, yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozulması maddəsi ilə araşdırma aparılır. Həmçinin, Cinayət Məcəlləsinin 187, 126 və 353-cü maddələri ilə əmlaka ziyan vurma, polis əməkdaşlarına müqavimət göstərmə, zorakılıq etmə faktları ilə bağlı araşdırmalar davam etdirilir.
Ölən şəxslərin ailələrinin vəkili Edda Qocayevanın sözlərinə görə, hələlik məhkəməyə hazırlıq iclası olmayıb və onlar ekspertizanın rəyini gözləyirlər.
"Tərəflərin işi araşdırmaq üçün iki ay vaxtı var, biz hələ bu mərhələdəyik", – Qocayeva bildirir.
Naxiduridə baş verən faciədə 10 nəfər xəsarət alıb.
mənbə: marneulifm