Zuqdidi şəhərində 3 azyaşlını vuran sürücü saxlanılıb

Dünən gecə Zuqdidi şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən sürücü M.Ç. saxlanılıb.
65 yaşlarında olan kişi müvəqqəti saxlama təcridxanasındadır. Barəsində hələ ittiham irəli sürülməyib. Aparılmış ekspertizalar hadisə zamanı sürücünün ayıq olduğunu müəyyən edib. Yaxınlarının ehtimalına görə, hadisə baş verən anda onun şəkər xəstəliyi ilə əlaqədar halı pisləşib və avtomobili idarə edə bilməyib, nəticədə "Vito" markalı mikroavtobus 3 yeniyetməni vurub.
Yaralanan yeniyetmələrin vəziyyətinə gəlincə, başından ağır xəsarətlər aldığı üçün neyrocərrahi əməliyyat olunan yeniyetmənin vəziyyəti hələ də ağırdır və o, hələ də Zuqdidi xəstəxanasının reanimasiya şöbəsindədir. Kutaisi Referans Xəstəxanasına aparılan digər yeniyetmənin də vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir, o da süni koma vəziyyətində reanimasiya şöbəsində yerləşdirilib. Üçüncü yeniyetmənin vəziyyəti nisbətən yüngüldür, onun sınıqları var və hal-hazırda o da Zuqdidi xəstəxanasında müalicəsini davam etdirir.
mənbə: interpress