Zuqdiddə qonşu qonşunu güllələyərək öldürdü
Zuqdidinin Oktomberi kəndində qonşular arasında baş verən münaqişə qətllə nəticələnib.
Xeber.ge xəbər verir ki, məlumata görə, 70 yaşlı yerli sakin 55 yaşlı qonşusu Edişer Şamuqiyanı odlu silahla vuraraq qətlə yetirib.
Hadisə bu gün səhər saatlarında baş verib. "TV Pirveli"nin məlumatına görə, cinayətin kökündə torpaq sahəsi üstündə yaranan mübahisə dayanır. Qonşular arasında bu səbəbdən uzun müddətdir ki, gərginlik yaşandığı bildirilir.
Hadisə yerinə çoxsaylı patrul və istintaq qrupları cəlb edilib. Cinayətin baş verdiyi ərazidə zəruri prosessual hərəkətlər həyata keçirilir.
Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başladılıb. İlkin məlumatlara görə, cinayəti törətməkdə şübhəli bilinən 70 yaşlı şəxs hadisə yerindən qaçıb. Hazırda polis onun tutulması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirir.
İstintaqın gedişi barədə yeni məlumatlar daxil olduqca təqdim edəcəyik.