Varketilidə Pitbul gənc qadını parçaladı

Jun 27, 2026 - 19:03
 0  20
Varketilidə Pitbul  gənc qadını parçaladı

Tbilisinin Varketili qəsəbəsində pitbul cinsli itin hücumuna məruz qalan gənc qadın ağır xəsarətlər alıb.

Hadisə barədə məlumatı iyunun 26-da sosial şəbəkədə zərərçəkmişin rəfiqəsi Maka Kobaliya paylaşıb.

XEBER.GE  xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, it sahibi qadına kömək etmək əvəzinə yaralını qan içində qoyaraq hadisə yerindən qaçıb:

"Varketilinin 4-cü mikrorayonunda, 414-cü binanın həyətindəki pitbulun sahibi! Dua et ki, rəfiqəm yaxşı olsun və əməliyyat uğurla keçsin... Qız az qala qanitirmədən ölürdü. Hara qaçdın, necə geri dönüb baxmadın ki, insan sağ qaldı, yoxsa öldü?!", — deyə Maka Kobaliya ilk paylaşımında qeyd edib.

 Daha sonra Maka Kobaliya rəfiqəsinin səhhəti ilə bağlı növbəti statusu paylaşıb və xəstəxanadan artıq evə buraxıldıqlarını bildirib:

"Çox adam şəxsidə yazdığı üçün buradan cavab verirəm. Rəfiqəm yaxşıdır, qorxduğumuz baş vermədi, barmaqlarına ciddi bir zərər dəymədi. Çoxlu qan itirmişdi, qan köçürülməsi edildi, əlinin üst hissəsinə tikişlər qoyuldu və evə buraxıldıq. Amma təkcə onun yox, bu hadisəyə şahid olan hamımızın yaşadığı stress hələ uzun müddət keçməyəcək.

  Polis məsələni həll edənə qədər ehtiyatlı olun. Sözügedən it ağ rəngdə, qəhvəyi ləkələri olan pitbuldur və 414-cü binada yaşayır. Həmçinin 413-cü binada saxlanılan digər qara-ağ rəngli pitbul da təhlükəlidir... Qeyd edim ki, hücum edən pitbulun nə xalta-ipi nə də ağızlığı var idi".

Faktla bağlı yerli sakinlərin polisə müraciət etdiyi və it sahibinin tapılması, həmçinin təhlükəli heyvanların təcrid olunması istiqamətində araşdırmalara başlanıldığı bildirilir.