Ümumi Səhiyyə Proqramında dəyişiklik - Səhiyyə Nazirliyinin izahatı

Jan 9, 2026 - 15:03
 0  17
Ümumi Səhiyyə Proqramında dəyişiklik - Səhiyyə Nazirliyinin izahatı

Səhiyyə Nazirliyinin bəyanatına görə, mediada yayılan və 6 aydan çox fasiləsiz xaricdə olan vətəndaşların ümumi səhiyyə proqramında qeydiyyatının dayandırılacağını iddia edən məlumatlar həqiqəti əks etdirmir.

 Xeber.ge xəbər verir ki, qurumun bildirdiyinə görə, xaricdə olan Gürcüstan vətəndaşları üçün tibbi xidmətlər məhdudlaşdırılmır. Dəyişiklik yalnız ambulator müəssisələrin maliyyələşdirilməsinə aiddir və ümumi səhiyyə proqramının digər komponentlərinə şamil olunmur. Bəyanatda qeyd olunur ki, vətəndaş Gürcüstana qayıdan kimi heç bir məhdudiyyət olmadan yenidən ambulator müəssisədə qeydiyyatdan keçə bilər. Nazirlik əlavə edir ki, bu qərar qeyri-məqsədyönlü xərclərin qarşısını almağa, benefisiarların maraqlarını qorumağa və dövlət ümumi səhiyyə proqramını gücləndirməyə xidmət edir.

"İctimaiyyəti məlumatlandırmaq üçün izah edirik: Ümumi səhiyyə proqramı çərçivəsində tibbi xidmət alan bütün Gürcüstan vətəndaşları heç bir dəyişiklik olmadan proqramdan yararlanmağa davam edəcəklər. Tibbi xidmət xaricdə olan Gürcüstan vətəndaşı üçün də məhdudlaşdırılmır. Dəyişiklik yalnız ambulator müəssisələrin maliyyələşdirilməsi ilə bağlıdır. Dövlət, vətəndaş ölkədə olmadığı və müvafiq olaraq tibbi xidmət almadığı halda belə, klinikaya sabit ödəniş edirdi. Xüsusi olaraq vurğulayırıq ki, Səhiyyə nazirinin 31 dekabr 2025-ci il tarixli əmri ilə dəyişiklik yalnız ambulator xidmət hissəsində tibb müəssisələrinin maliyyələşdirilməsinin 'kapitasiya' (adbaşına ödəniş) mexanizminə aiddir və ümumi səhiyyənin digər komponentlərinə, o cümlədən təcili ambulatoriya və stasionar xidmətlərə şamil edilmir", — deyə nazirliyin bəyanatında bildirilir.

Məlumat üçün qeyd edək ki, 6 aydan çox fasiləsiz xaricdə olan vətəndaşların ümumi səhiyyə proqramında qeydiyyatının dayandırılması barədə əmri Səhiyyə naziri Mixeil Sarcveladze 31 dekabrda imzalayıb.