Tornike Rijvadzenin güllələnməsi ilə bağlı şübhəli versiyalar

Tina Xidaşeli ümid edir ki, Tornike Rijvadze tam sağalacaq. Onun sözlərinə görə, bu işin bir çox xüsusiyyəti onu inandırıcı olmamaq səviyyəsinə çatdırır. “Bu versiyaya və onun həqiqiliyinə inananların sayı çox azdır, o cümlədən bunun doğrudan da intihara cəhd olduğuna inananların da,” – deyə Xidaşeli bildirir. Onun ehtimalına görə, ola bilər ona atəş açıblar və o sağ qalıb, ya da qorxudublar və silah təsadüfən atəş açıb.
Xidaşelinin fikrincə, hansı versiyanın həqiqət olması əhəmiyyətli deyil, çünki onların hamısı bir-birindən pisdir. İstər atəş açılması, istər intihara vadar etmə, istərsə də “köhnə KQB filmlərində” gördüyümüz, silahın insanın böyrünə dirənib onu atmağa vadar etdikləri səhnələr – hər halda, bu, təşkilatlanmış cinayətkar bir dəstənin tipik davranışıdır. “Onlar mafioz - KQB prinsipləri ilə İvanişvilinin hesablaşmaq istədiyi şəxslərlə belə rəftar edirlər – bu istər maliyyə, istər siyasi, fərqi yoxdur.”
“Gürcü Arzusu”nun cəza briqadası və Rijvadzenin “məktubu”
Xidaşelinin sözlərinə görə, bu iş “Gürcü Arzusu”nun ən eybəcər simasını üzə çıxardı. Onun iddiasına görə, partiyanın cəza briqadası var və görünür, onu “Partsxaladzenin yerini tutacaq” şəxs idarə edir – həmin şəxs insanları çağırır və orada onlarla “hesablaşırlar”.
Əsas diqqət isə hökumətyönlü medianın yaydığı məktuba yönəlib – onların iddiasına görə, bu məktubu Tornike Rijvadze yazıb. Xidaşeli düşünür ki, məktub “çox ağıllı bir insanın yazısıdır”, çünki içində elə ifadələr var ki, sistemin özünü ittiham edir. Məsələn, “bu təzyiqlərdən və zorakılıqdan bezdi” cümləsi. Xidaşelinin fikrincə, bu, “Gürcü Arzusu”nun daxilində çalışan və korrupsiyada ya da qanunsuzluqlarda iştirak edən şəxslərə ünvanlanmış bilərəkdən yazılmış mesajdır. “Bu məktub sadəcə Rijvadzeyə deyil, onların hamısına aiddir,” – o deyir.
Xidaşeli tam şəkildə razıdır ki, Bidzina İvanişvili Tornike Rijvadzedən 300 milyon dollar tələb edirdi. O bildirir ki, “bu məktub – onu kim yazmasından asılı olmayaraq bu versiyanı təsdiqləyir.” Məqsəd isə odur ki, “Gürcü Arzusu”nun bu tip iddiası kiməsə qarşı varsa – ya ona ödətdirəcəklər, ya da Rijvadzenin aqibəti ilə üzləşəcək.”
İstintaqın hüquqi kvalifikasiyası və gələcək
Xidaşeli məktubun təbliğat məqsədilə istifadə olunmasını, amma hüquqi istintaq aləti kimi işlədilməməsini tənqid edir. O xatırladır ki, məktubun “birinci versiyasında həyat yoldaşı yox idi, amma ikinci versiyada əlavə olundu” – bu isə absurddur. Həmçinin sual doğurur ki, niyə istintaq yalnız intihara vadar etmə maddəsi üzrə aparılır, halbuki məktubun hər cümləsi araşdırılmalıdır.
“Məktubla versiya bir-birini inkar edir – ikisi də həqiqət ola bilməz,” – Xidaşeli deyir. “Rijvadze ya bilirdi ki, onu öldürmək üçün çağırıblar və əvvəlcədən məktub yazıb. Amma əgər silah orada təsadüfən tapılıbsa, onda məktub niyə yazılıb?” Onun fikrincə, “Rijvadzeni tipik bir ‘razborkaya’ çağırmışdılar, hansı ki ölümlə nəticələnməli idi və buna görə məktub yazılıb. Ya da o, həqiqətən dostunun yanına getmişdi və bu məktubu da yazmayıb.” Xidaşeli düşünür ki, ən inandırıcı versiya budur: onu qorxudurdular, alçaldırdılar və o zaman silah təsadüfən atəş açdı – “Siz bu versiyaya niyə inanırsınız? – Çünki Rusiyada əksər hallarda belə olur. Silahı da əlində fırladırlar ki, effekt yaratsınlar: ‘Ay oğlan, sən kiminlə danışırsan?!’”
İvanişvilinin rejiminin möhkəmləndirilməsi və ictimai rəy
Tina Xidaşeli əmindir ki, “bu atəş və Rijvadzenin sağ qalması onlara sərf etmirdi. Bunu Kobaxidzenin üzündən oxumaq olardı.” Rijvadzeni Türkiyəyə göndərdilər, amma bu, artıq sağ qalmasından sonra baş verdi və “hərəkət imkanları məhdudlaşdı, başqa cür alınmırdı.”
Xidaşelinin fikrincə, istər Qiorqi Ramişvilinin, istərsə də Tornike Rijvadzenin işi “rejimi daha da möhkəmləndirdi. Sistem daxilində daha da bərkidilər.” Amma xarici baxışda “əksinə – rejimin qəddarlığı və siması daha aydın göründü.” O deyir ki, bu hadisə vacibdir, amma həlledici deyil: “Biz artıq o mərhələdəyik ki, yalnız bu sistemi sökə biləcək şeylər əhəmiyyətlidir. Bu hadisə isə onu sökə bilməyəcək.”
İctimai reaksiya barədə Xidaşeli qeyd edir ki, “normal insanlar üçün bu “Gürcü Arzusu”nun zorakılığının və hər şeyə nəzarət etmək istəyinin daha bir sübutudur.” O düşünür ki, kimlərsə artıq qorxurdusa, bu hadisə onların qorxusunu bir az da artıracaq.
İrakli Kobaxidzenin “jurnalistlər siyasətçilərin həyatını stresli edir” sözlərinə cavab olaraq, Xidaşeli bunu “qeyri-legitim baş nazirin daha bir hücumu” və “medianı yox etməyə yönəlmiş” çağırış adlandırır. O bildirir ki, Kobaxidze öz auditoriyasına danışır, onları sakitləşdirmək və onların beyninə bu fikri yeritmək istəyir ki, “bütün bunlarda media günahkardır.” “Sabah ya birisigün hansısa telekanalı bağlamağa cəhd etsələr, bəzi insanlar bunu normal qarşılayacaq – axı jurnalistlər pis adamlardır, insanları intihara qədər aparırlar? Ona görə də heç kim medianın müdafiəsinə qalxmayacaq.”
mənbə: marneulifm