Telavidə ağır toqquşma: 3 nəfər yaralanıb
Telavi bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisi klinikaya aparılıb.
XEBER.GE xeber verir ki, hadisə gecə saatlarında Kondoli kəndi yaxınlığında baş verib. BMW və Opel markalı yüngül avtomobillər toqquşub. Güclü toqquşmadan sonra avtomobillər orada dayanan yük maşınlarına da dəyib və nəticədə cəmi dörd nəqliyyat vasitəsi zədələnib.
Telavi Referal Xəstəxanasının meneceri Xatuna Çoniaşvilinin məlumatına görə, gənc kişinin həyatı üçün təhlükəli xəsarətləri yoxdur və səhhəti sabitdir.
İkinci yaralı, yaşlı kişi isə Telavi Mərkəzi Xəstəxanasındadır və həkimlərin sözlərinə görə, onun da vəziyyəti sabitdir.
Hadisə yerində patrul polisi, Fövqəladə Halların İdarə Olunması Xidməti, xilasetmə qrupları və yanğınsöndürmə-xilasetmə briqadalarının əməkdaşları səfərbər olunub.
Qəzanın dəqiq səbəbini istintaq müəyyənləşdirəcək.