Tbilisidə “Varketili” metro stansiyası müvəqqəti bağlanır

Jul 12, 2025 - 11:58
 0  7
Tbilisidə “Varketili” metro stansiyası müvəqqəti bağlanır

Bu gündən etibarən “Varketili” metro stansiyası təmir işlərinin həcmi və texnoloji xüsusiyyətlərinə görə 45 gün ərzində sərnişinlərin xidmətini dayandırır.

Bu barədə Tbilisi Şəhər meriyası məlumat verib.

Layihə çərçivəsində stansiyanın tavanının korroziyaya uğramış və zədələnmiş səthləri təmizlənib emal olunacaq, tağın arxasındakı boşluqlar xüsusi texniki məhlullarla doldurulacaq və bərkidiləcək. Yeraltı suların sızmasının qarşısını almaq üçün tağın istilik tikişlərinin və birləşmələrinin hermetizasiyası aparılacaq. Həmçinin, eskalator tunelindəki tökmə dəmir dayaqlar təmir olunacaq.

Bu proses başa çatdıqdan sonra üzləmə işləri bərpa olunacaq və onların cari ilin payızında yekunlaşması planlaşdırılır.

Yolçuların hərəkətinin fasiləsiz təmin edilməsi məqsədilə müvəqqəti N174 nömrəli marşrut üzrə bələdiyyə avtobusu təyin edilib. Avtobus pik saatlarda 3 dəqiqəlik intervalla dairəvi marşrutla hərəkət edəcək və sərnişinləri “Samgori” metro stansiyasının üst çıxışından “Varketili” metro stansiyasının yaxınlığına və əks istiqamətdə daşıyacaq.

“Tbilisi Nəqliyyat Şirkəti” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

mənbə: interpress