Gürcüstanda 53 milyonluq narko-şəbəkə ifşa olundu

Jun 24, 2026 - 12:36
 0  7
Gürcüstanda 53 milyonluq narko-şəbəkə ifşa olundu

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti ölkədə irimiqyaslı qanunsuz psixotrop dərman dövriyyəsi, çirkli pulların yuyulması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində nəhəng bir cinayət şəbəkəsini ifşa edib.

XEBER.GE xəbər verir ki, qurumun yaydığı rəsmi bəyanata əsasən, qanunsuz ticarətin ümumi dəyəri 53 833 723 lari təşkil edir.

Aparılan istintaq tədbirləri çərçivəsində cinayətkar qruplaşmaya qarşı çoxşaxəli hüquqi proses başladılıb:

  • Mütəşəkkil dəstənin 17 üzvü həbs edilib.
  • İstintaqdan qaçıb gizlənən 3 nəfər barəsində axtarış elan olunacaq.
  • İstintaqla əməkdaşlıq edən və sxemin açılmasına kömək edən 11 fiziki şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.
  • Gürcüstanda qeydiyyatda olan 24 hüquqi şəxsə qarşı cinayət təqibi başladılıb.

Ən diqqətçəkən məqamlardan biri isə ittiham olunanlar arasında Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyinin keçmiş yüksək vəzifəli şəxslərinin də olmasıdır. Həmin şəxslər illər ərzində şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət maraqlarına zidd olaraq bu şəbəkənin fəaliyyətinə şərait yaradıblar.

İstintaq müəyyən edib ki, ölkədə "aptek narkomaniyası"nın yayılmasına xidmət edən bu şəbəkə 2018-2025-ci illər ərzində fəaliyyət göstərib. Prosesi birbaşa psixotrop dərmanların idxalı ilə məşğul olan şirkət rəhbərləri idarə ediblər.

İdxalçı şirkətlər gətirdikləri psixotrop dərmanları sənəd üzərində, öz yaxın adamlarının adına açdıqları qondarma əczaçılıq şirkətlərinə satılmış kimi göstəriblər.

Real olaraq isə bu təhlükəli preparatlar heç bir resept və rəsmi icazə olmadan, fantastik qiymət fərqi ilə ölkə miqyasında hətta aptek statusu belə olmayan obyektlərdə pərakəndə satılıb.

Şəbəkənin qanunsuz ticarətdən əldə etdiyi 53.8 milyon laridən çox gəlirin böyük hissəsi qanuniləşdirmək məqsədilə şirkətlərdən "əməkhaqqı" və "divident" adı altında çıxarılıb. Bu maliyyə resursları ilə şübhəli şəxslər öz adlarına və yaxınlarına külli miqdarda daşınar və daşınmaz əmlak alıblar. Hazırda həmin əmlakların və aktivlərin üzərinə tam həbs qoyulub. Gələcəkdə dövlətə dəymiş ziyan bu əmlakların satışı hesabına ödəniləcək.

"Cinayətkar qrupun üzvləri dövlət büdcəsinə on milyonlarla lari maddi ziyan vurmaqla yanaşı, psixotrop preparatların qanunsuz satışı ilə minlərlə vətəndaşımızın həyat və sağlamlığını birbaşa təhlükəyə atıblar. Bu sahədə fəaliyyət göstərən bütün rəhbər şəxsləri xəbərdar edirik:

Dövlət büdcəsinə ziyan vuran, korrupsiya riski yaradan və insan həyatını təhlükəyə atan şəxslərə qarşı dövlət son dərəcə amansız və güzəştsiz olacaq. Ölkədə 'aptek narkomaniyası' kökündən kəsilənədək reydlər və monitorinqlər intensiv şəkildə davam edəcək".

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 194-cü (çirkli pulların yuyulması) maddələri ilə cinayət işi davam etdirilir. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 9 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.