Tbilisidə silsilə oğurluqlar edən sabiq məhkum saxlanılıb

Mar 17, 2026 - 12:45
 0  5
Tbilisidə silsilə oğurluqlar edən sabiq məhkum saxlanılıb

Tbilisidə paytaxt polisi tərəfindən silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Didube-Çuqureti rayon idarəsinin əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü G.L.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 1962-ci il təvəllüdlü N.K.-ya məxsus mobil telefonu qanunsuz yolla ələ keçirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində G.L. qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Polis əməliyyatı zamanı G.L. tərəfindən müxtəlif vaxtlarda oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Məlum olub ki, saxlanılan şəxs oğurladığı kompüter və mobil texnikaları satmağa nail olub. Həmin texniki vasitələr polis tərəfindən müəyyən edilərək istintaqa cəlb olunub.

Qeyd olunub ki, saxlanılan şəxs əvvəllər dəfələrlə oxşar cinayətlərə görə məhkum edilib və hazırda şərti cəza (probasiya) altındadır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başladılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.