Sulxan-Saba küçəsində reabilitasiya skandalı-VİDEO
Tbilisidə Sulxan-Saba küçəsində başlanmış infrastruktur layihəsi və bərpa-reabilitasiya işləri yerli sakinlər üçün əsl kabusa çevrilib.
Xeber.ge xəbər verir ki, ərazidə aparılan qazıntı işləri heç bir ilkin xəbərdarlıq edilmədən başladığı üçün sakinlər günlərlə işıqsız və susuz qalıblar.
Rəsmi məlumatlara görə, küçədəki işlər su təchizatı şəbəkəsinin və magistral boruların yenilənməsi ilə bağlıdır.
Hazırda küçə boyunca asfalt örtüyü tamamilə sökülüb .
Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətini dözülməz dərəcədə çətinləşdirib.
Ərazidə yaşayan vətəndaşların ən böyük narazılığı işıqların söndürülməsi və qazıntı zonasında minimal təhlükəsizlik tədbirlərinin belə görülməməsi ilə bağlıdır.
Sakinlərin sözlərinə görə, artıq bir neçə bədbəxt hadisə qeydə alınıb və iki nəfər ağır xəsarət alıb.
Yerli sakinlərdən biri küçədəki qorxulu vəziyyəti bu sözlərlə təsvir edib:
"Küçədə zifiri qaranlıq idi. İşıqların söndürüldüyü vaxt bir qadın qazılmış yerdə yıxıldı və qaranlıq ucbatından üz-gözü tamamilə darmadağın oldu, ağır xəsarət aldı.
Bir tərəfdən bu təhlükəsizlik problemi, digər tərəfdən isə qaranlıqdan istifadə edən oğrular..."
İşıqların olmaması və küçənin nizamsız vəziyyəti cinayətkarlar üçün göydəndüşmə fürsət olub. Sakinlər bəyan edirlər ki, son günlərdə rayonda mənzil oğurluqlarının sayı kəskin artıb:
"Sırf ötən gecə bu qaranlıqdan istifadə edərək eyni məhəllədə düz 10 yaşayış evinə giriblər və hamısını qarət ediblər!
Biz bu rəzalətə görə məsuliyyəti həm elektrik şəbəkəsi şirkətinə, həm işi aparan fonda, həm də bələdiyyəyə yükləyirik".
Tarixi binaların yerləşdiyi küçədə ağır texnikanın işləməsi sakinlərdə ciddi qorxu yaradıb. Şikayətçilər bildirirlər ki, buradakı evlərin əksəriyyətinin 200 ilə yaxın yaşı var:
"Baxırıq, bizə 2 illik zəmanət verirlər.
Bu o deməkdir ki, əgər bu ağır texnika ilə bizim 200 yaşlı qədim evlərimizin bünövrəsinə toxunsalar, binalar 2 ildən sonra hamımızın başına uça bilər. Heç bir geoloji yoxlama aparılmadan qazıntı edirlər".
Sulxan-Saba küçəsinin sakinləri binaların uçma təhlükəsi, kütləvi oğurluqlar və küçədəki xəsarətlərlə bağlı Tbilisi Meriyasının rəhbər şəxslərindən təcili görüş tələb edirlər.
Vətəndaşlar reabilitasiya prosesinin sürətləndirilməsini və əraziyə dərhal polis nəzarətinin gücləndirilməsini tələb edirlər, əks halda etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.